Müxtəlif xoşagəlməz qoxulardan necə qurtulaq?

Müxtəlif xoşagəlməz qoxulardan necə qurtulaq?

Bəzi işlərdən sonra istəmədiyimiz qoxular evimizə və ya bədənimizə hopur və adi qaydada məkanı havalandırmaqla və ya yuyunmaqla həmin qoxuların kənarlaşdırılması mümkün olmur. Bu səbəbdən, aşağıdakı üsulları tətbiq eməklə xoşagəlməz qoxulardan xilas ola bilərik:

- Boya qoxusunu otaqdan kənarlaşdırmaq üçün bir baş sarımsağı sürtgəcdən keçirib müəyyən müddət otaqda saxlamaq lazımdır.

- Mənzildəki yağlı boya qoxusundan tez xilas olmaq üçün boşqabların içinə duz töküb bir neçə yerdə qoymaq lazımdır.

- Otaqdakı tütün qoxusu hətta açıq pəncərələrdən də xaric olmur. Bunun üçün pəncərələri açmaq və otağın müxtəlif yerlərində 2-3 yaş dəsmal qoymaq lazımdır. Onlar tütün qoxusunu yaxşı hopduracaq. Tütün çəkilmiş otaqda həmçinin bir neçə şam da yandırmaq olar.

- Mətbəxdəki xoşagəlməz qoxudan qurtulmaq üçün qapağı açıq bir qabda sirkə əlavə edilmiş su qaynatmaq və bir neçə dəqiqədən sonra mətbəxi havalndırmaq lazımdır. Həmçinin qızmış sobanın üstünə portağal və ya limon qabığı qoymaqla və ya qaynar plitənin üzərinə bir qədər duz səpməklə də eyni məqsədə nail olmaq olar.

- İsti plitəyə hopmuş yanmış süd qoxusunun otağa yayılmasının qarşısını almaq üçün həmin yerə duz səpərək, üstünü yaş kağızla örtmək lazımdır.

- Əllərə hopmuş pis qoxudan (balıq, sarımsaq və s.) qurtulmaq üçün əlləri sabunla yumazdan əvvəl duzla sürtmək lazımdır.

- Ağızdan sarımsaq qoxusunu kənarlaşdırmaq üçün cəfəri çeynəmək olar.

- Mətbəx əşyalarına hopmuş soğan qoxusunu onları quru duzla sürtməklə kənarlaşdırmaq olar.

- Qazan və tavalardan balıq qoxusunu təmizləmək üçün onları qızdırılmış duzla sürtmək və su ilə yaxalamaq lazımdır.

- Əgər çəngəl-qaşıqdan balıq qoxusu gəlirsə, onları soyuq sabunlu su ilə yuduqdan sonra bitki yağı sürtmək və yumşaq dəsmalla silmək lazımdır.


Kimyasız EVİM bölməsində digər yazılar >>




Saytdakı yeniliklərdən xəbərdar olmaq üçün bizi İnstagramFacebookda izləyin