Qabyuyan maşın üçün təbii yuyucu vasitələr

Qabyuyan maşın üçün təbii yuyucu vasitələr

"Qab yumaq üçün təbii və zərərsiz vasitələr" yazımızda qeyd etdiyimiz kimi, qabları kimyəvi tərkibli yuyucu vasitələrlə yuduqdan sonra qabların səthində qalan zərərli kimyəvi maddələrdən özümüzün və ailə üzvlərimizin sağlamlığını qorumaq üçün aqressiv zərərli yuyucu vasitələri təhlükəsiz və effektivlikdə heç də geri qalmayan təbii vasitələrlə əvəz etmək bizim xeyrimizədir.

Qabyuyan maşın üçün bir neçə təbii yuyucu vasitələri nəzərdən keçirək.

Limon duzu və sodadan ibarət təbii yuyucu vasitə

Yuyucu vasitə üçün nəzərdə tutulmuş bölmənin yarısına qədər limon duzu töküb, üzərinə soda əlavə etməklə doldururuq. Yaxalama vasitəsi üçün bölməyə alma sirkəsi tökürük. Qabyuyan maşını istənilən rejimdə işə salırıq.

Boraks ilə təbii yuyucu vasitə

Boraks, limon duzu və sodanı (natrium karbonat) 2:1:1 nisbətində qarışdırırıq. Yuyucu vasitə üçün bölməni bu qatışıqla doldururuq. Maşını işə salırıq. Bu effektiv təbii yuyucu vasitə qabları tərtəmiz və parlaq edir.

Diqqət! Bəzi məlumatlara görə limon duzu maşının rezin hissələrinə zərər verir. Bunu nəzərə alaraq, limon duzu ehtiva etməyən variantlara üstünlük verməyiniz tövsiyə olunur.

Limon efir yağı ilə təii yuyucu vasitə

Formulu tətbiq etməzdən əvvəl qabları qida qalıqlarından təmizləyirik. 3 xör. qaşığı soda, 1 xör.qaşığı boraks və 2 damcı limon efir yağını qatışdırırıq. Qabyuyan maşının yuyucu vasitə üçün bölməsinə tökürük və maşını işə salırıq.

Qabyuyan maşın üçün təravətləndirici

Qabyuyan maşında saxlanan çirkli qablar xoşagəlməz qoxuya səbəb ola bilər. Bu qoxudan qurtulmaq üçün mütləq kimyəvi təkibli təravətləndirici vasitələrdən istifadə etmək lazım deyil. Yenə də, problem sağlamlığa zərər vurmayan təbii qida yağları istifadə etməklə həll oluna bilər.

Belə ki, bizə zövqə görə istənilən ətirli yağ, yarım stəkan su, fısqırtma başlığı olan boş şüşə lazım olacaq. Məsələn, şüşəyə 10 damcı portağal yağı, 5 damcı nanə yağı, yarım stəkan su tökərək şüşəni çalxalayırıq. Hər dəfə ehtiyac duyulduğunda bu ətirli məhlulu qabyuyan maşının daxilinə fısqırtmaq olar. Yağları alarkən onların soyuq sıxılmış olmasına və süni əlavələrin olmamasına diqqət edin.


Kimyasız EVİM bölməsində digər yazılar >>