Yaxşı həmsöhbət olmaq üçün nə etməliyik?

Yaxşı həmsöhbət olmaq üçün nə etməliyik?

Hər birimizin ətrafında xoşsöhbət insanlar vardır. Həmin insanlarla daha çox vaxt keçirməyə çalışırıq. Şübhəsiz, özümüzün də həmin kateqoriyaya aid olmaq, başqalarının bizim sözümüzə önəm verməsi, fikrirlərimizə qulaq asması, hörmətlə yanaşması və başqalarına maraqlı və diqqətəlayiq insan kimi təqdim etməsi ürəyimizdən keçir.

Bəs bu məsələdə uğur qazanmış insanların sirri nədədir? Ümumiyyətlə, uğurlu ünsiyyət nədir? Hansı vərdiş və qabiliyyətlər bizi əvəzolunmaz həmsöhbətə çevirərək, insanlarla ünsiyyətdən maksimal səmərə almağımıza yardımçı ola bilər?

Həyatında yüksək nəticələr əldə etmiş həqiqətən uğurlu insanlar rahat və maraqlı ünsiyyət qururlar. Onlar öz məqsədlərinə nail olmağı bacarır və çox hallarda bunda onların ətrafının rolu olur. Onların uğurlu ünsiyyət qurmasının səbəbləri aşağıdakılardır:

- Onlar həmsöhbətinə hörmət və diqqətli münasibət göstərirlər.

- Məlumat və bilikləri ilə qarşısındakını üstələməyə çalışmır, termin və peşə sözləri istifadə etmədən, sadə və danışıq dilində danışırlar. Təhsil səviyyənizdən asılı olmayaraq, belə insanla söhbət edərkən özünüzü heç vaxt narahat və ya alçalmış hiss etmirsiniz.

- Onlar eşitməyi və dinləməmyi bacarır, maraq və səbr nümayiş etdirir, sözünüzü kəsmir, dəqiqləşdirici suallar verirlər. Danışmaqdan çox dinləməyə üstünlük verirlər.

- Həmsöhbətinin mövqeyi ilə razı olmasalar da onu rədd etmirlər.

- Mühakimə və tənqid etmir, vəziyyətin həlli üçün başqa yol gördüləri təqdirdə, lazım bildikləri halda konstruktiv təkliflər verirlər.

- Nə dərs verməyə çalışır, nə də yola vermirlər, bərabər səviyyədə davranırlar.

- Narahatlıq verdikləri təqdirdə üzr istəyir, səhvlərini qəbul edirlər.

- Sakit və inamlı görünür, özlərinə layiqli münasibət yaradırlar. Nəzakətlidirlər, öz hüdudlarını yaxşı bilir və həmsöhbətin çərçivəsini pozmurlar.

- İltifat edir, üstün cəhətlərə diqqət yetirir və çatışmazlıqlara göz yumurlar. Neqativə köklənmirlər.

Bütün yuxarıda deyilənləri nəzərə almaqla, şübhəsiz, öz məqsədlərinizə nail olacaq və hamının ünsiyyət qurmağa can atdığı və dinləmək istədiyi insan statusunu qazanacaqsınız. Effektiv ünsiyyəti tətbiq etməklə uğur qazanın. Ünsiyyətdə nə özünüzü, nə də həmsöhbətinizi yüksək və ya alçaq tutmayın. Unutmayın ki, siz eyni səviyyədəsiniz və hər kəsin təcrübəsi əhəmiyyətli və dəyərlidir.

Psixologiya bölməsində digər yazılar >>




Saytdakı yeniliklərdən xəbərdar olmaq üçün bizi İnstagramFacebookda izləyin