"Biz təbii olanı seçirik!" RU   
   Təbiət və sağlamlıq

Gecə qaranlıqda yatın - xərçəng xəstəliyi riskini azaldın

Şəkil

Çox vaxt uşaqlar qaranlıqdan qorxur və gecə tam qaranlıqda yatmaq istəmirlər. Valideynlər isə uşağın gecə lampası işığında yatmasına icazə verməklə və işığı yanıq qoymaqla böyük səhvə yol verirlər. Çünki sağlamlığın mühafizəsində, o cümlədən xərçəng xəstəliyindən qorunmasında böyük rol oynayan melatonin hormonu orqanizmdə yalnız qaranlıqda hasil olur!

Melatonin hasilatı nə üçün lazımdır?

Melatonin - orqanizmin bioloji saatlarını təyin edən və onun təbii ritmini qoruyub saxlayan mühüm hormondur. Bu hormon orqanizmdə vacib müdafiə funksiyasını yerinə yetirir, o cümlədən xərçəngin yaranmasının qarşısını alır.

İnsan fəsildən asılı olaraq, gün ərzində, orta hesabla, 12 saat işığa və 12 saat qaranlığa adaptasiya olmuşdur. Axşamlar və gecə süni işığın istifadəsi 250 min il bundan əvvəl - insanlar od əldə etməyi öyrəndiyi vaxtlardan başlamışdır. Bəşəriyyətin şamlarla tanışlığı beş min il bundan əvvəl baş vermişdir. Elektrik enerjisinin ixtira olunması ilə isə son 120 il ərzində süni işıqlandırmadan istifadə bugünkü miqyasına çatmışdır.

İŞIQ melatonin hasilatının qarşısını alırmı?

İşıq insanın neyroendokrin sisteminə təsir göstərərək, onun fiziologiyasında və davranışında dəyişikliklərə gətirib çıxara bilər. İşığın vaxtsız təsiri hormonların hasilatı ritmini poza bilər: melatonin hasilatını azalda, kortizol hasilatını artıra bilər, eləcə də insanın bioloji saatlarının ətraf mühitlə harmoniyasını poza bilər. Melatonin əsasən gecə vaxtı qaranlıqda hasil olunur. Gecə nə qədər uzun olarsa, bir o qədər çox melatonin hasil olunar. Qaranlıq fazanın əvvəlində və ya sonunda işığın təsiri melatonin hasilatına maneçilik törədir. İntensiv işığın hətta qısa müddət təsiri melatonun ifrazını dayandıra bilər. Deməli, uzun qış gecələrində daha çox, yayda isə daha az melatonin hasil olunur. Oyaq vəziyyətdə olmaq melatonin hasilatına təsir etmir.

Melatonin hasilatının azalması hansı fəsadları törədə bilər?

Müəyyən edilmişdir ki, depressiv vəziyyətlərdə kortizolun səviyyəsinin yüksək, melaoninin səviyyəsinin isə aşağı olduğu müşahidə edilir. Depressiyaya qarşı əksə dərmanlar melatonin hasilatını artırır. Melatonin səviyyəsinin artırılması ilə depressiyanın müalicəsi arasında parallel əlaqə mövcuddur.

Tədqiqatların nəticələrinə görə, melatonin immun sistemə müsbət təsir göstərərək və stressi azaldaraq, ömrü uzadır və yaşlanma əlamətlərini azaldır. Melatonin bir çox xəstəliklərin, o cümlədən xərçəngin qarşısını alır. Süd vəzisi xərçənginə gecə vaxtı işləyən qadınlarda daha çox rast gəlinir. Melatoninin terapevtik dozalarda daxil edilməsi bilavasitə şiş hüceyrələrinə öldürücü təsir göstərir.

Daha çox melatonin hasilatını necə təmin etmək olar?

Orqanizmi müntəzəm olaraq və kifayət miqdarda melatoninlə təmin etmək üçün qaranlıqda yatmaq lazımdır. Əgər gecə lamasından imtina edə bilmirsinizsə, onun işığı tünd qırmızı rəngə malik olmalıdır. İşləyən televizorun qarşısında yatmaq olmaz.

Yuxu rejimimiz müntəzəm olmalı, orqanizmimizin ehtiyacı olan qədər yatmalıyıq. Yuxu rejiminə riayət etməyimiz vacibdir. Yəni hər gün eyni vaxtda yatmalı və eyni vaxtda yuxudan durmalıyıq. İmkan daxilində, gecə işi gündüz vaxtına keçirilməlidir.

Sağlamlıq bölməsində digər yazılar >>



Faydalı məlumatı dostlarınızla bölüşün: