Həddən artıq təmizliyin uşağın immunitetinə mənfi təsiri

Həddən artıq təmizliyin uşağın immunitetinə mənfi təsiri

Əvvəlki yazımızda uşağın immunitetinin inkişafı haqqında məlumatla tanış olduq və qeyd etdik ki, həddən artıq steril ətraf mühit uşağın immun sisteminə təsir edir. Bunun səbəbi nədir?

Həddən artıq ehtiyatlı valideynlərin uşaqlarının immuniteti pis inkişaf edir. Buna görə də onlar daha tez-tez və daha ağır infeksion xəstəliklərə tutulma riski ilə üz-üzə qalırlar. Uşağın ildə təxminən 3-4 dəfə yuxarı tənəffüs yolu infeksiyaları keçirməsi tam normaldır və bu, onun immunitetinin möhkəmlənməsinə yardımçı olur.

Steril mühitdə böyüyən uşaqların immunitetinin inkişafı daha çətin olur!

Son zamanlar xüsusən sosial və iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə tez-tez baş verən astma halları, autoimmun allergik xəstəliklər və infeksiyalar gigiyenaya həddən çox riayət olunması ilə izah edilir.

Həddən artıq steril mühitdə immun sistemin təsiri özünə qarşı yönəlir və o özünə zərər yetirməyə başlayır. Bu, bəzi autoimmun xəstəliklərin əsasını təşkil edir.

Evin xlor və s. kimi güclü kimyəvi maddələrlə və ya müxtəlif kimyəvi tərkibə malik hazır firma məhsulları ilə tez-tez təmizlənməsi uşağın immunitetinin inkişafına mənfi təsir göstərir. Uşaq ətraf mühitlə nə qədər çox əlaqədə olsa, digər uşaqlarla oynasa, onun immuniteti bir o qədər güclü olar. Steril şəraitdə yaşayan, ailənin tək uşağında immun sistem inkişaf edə bilmir və nəticədə, belə uşaqlar tez-tez xəstələnirlər. Çoxuşaqlı ailələrdə böyüyən uşaqlar daha möhkəm immunitetlərinin olması ilə seçilirlər. Burada sosial mühit mövcuddur və uşaq bu flora ilə əlaqədə olmaqla, öz immunitetini möhkəmlədir.

Bununla əlaqədar olaraq, evdə həddən artıq steril mühitdə olan uşaqlar uşaq bağçasına getməyə başlayanda, təbii ki, bir çox mikroorqanizmlərlə ilk dəfə tanış olmağa başlayır və nəticədə, birinci ildə tez-tez infeksiyaya yoluxurlar. Bu infeksiyaların 80%-i virus xarakterlidir. Buna görə də, belə hallarda antibiotiklərin yersiz istifadəsi uşağın boğazının və bağırsaqlarının mikroflorasını pozur, bakteriyaların müqavimət qabiliyyətini artırır, bununla da allergiyanın, astmanın atopiyanın yaranması riski artır.

Valideynlərin ən böyük səhvi tez-tez yuxarı tənəffüs yolları infeksiyalarına yoluxma səbəbindən uşağı bağçadan uzaqlaşdırmaq, bununla da onun şəxsi inkişafına mane olmaqdır. Unutmaq olmaz ki, axır ki, uşaq yenə məktəbə gedəcək və yenə həmin mikroorqanizmlərdən ibarət sosial floraya düşəcək və ilk illərdə həmin xəstəlikləri keçirəcək ki, bu da tədris prosesində uşağın müvəffəqiyyətinə mənfi təsir göstərə bilər. Həm də uşaq həmin flora ilə nə qədər tez tanış olarsa, onun immuniteti bir o qədər güclü olar.

Beləliklə, uşaqları təbii və sosial mühitdən çox da qorumaq lazım deyil. Evdə təmizliyi təmin etmək üçün isə zərərli kimyəvi maddələrdən mümkün olduqca az istifadə etmək, zərərsiz təbii maddələrdən istifadə etmək daha məqsədəuyğundur.

Həmçinin unutmaq olmaz ki, orqanizmin möhkəm immunitetə malik olması üçün mühüm amil sağlam, balanslaşdırılmış qidalanmadır. Buna görə də həm böyüklərin, həm də uşaqların gündəlik rasionuna immun sistemi möhkləmlədən konkret qidaların daxil edilməsi vacibdir.


İmmuniteti gücləndirən qida məhsulları [ardını oxu >>]



S a ğ l a m    n ə s i l  bölməsində digər yazılar >>




Saytdakı yeniliklərdən xəbərdar olmaq üçün bizi İnstagramFacebookda izləyin