Uşaq yemək yemirsə nə edək? Uşağın iştahasını qaldırmağın yolları

[читать на русском]

Uşaq yemək yemirsə nə edək?

Uşağın hələ körpə ikən sağlam qidalanması onun yetkin dövrdə sağlam olmasına etibarlı zəmin yaradır. Buna görə də, uşağın iştahasının zəif olması, demək olar ki, hər ananı narahat edir. Problemi həll etmək üçün, ilk növbədə, uşağın yeməyə marağının azalmasının səbəbini müəyyən etmək lazımdır.

Uşaq yalnız bəzən yemək yemirsə

Əgər uşaqda zaman-zaman iştaha zəifliyi, yemək yeməmə müşahidə olunursa, bu halda çox da narahat olmağa dəyməz. Çünki insanın emosional və ya fiziki vəziyyəti ilə bağlı olan və onun iştahasına təsir göstərən bir çox amillər vardır və bu, xüsusən də böyüklərdən daha həssas olan uşaqlarda daha çox özünü biruzə verir. İştahanın pozulması kədər, ağrı, sevinc, isterik tutma, qəzəblənmə, adət olunmuş mühitin dəyişməsi və s. ilə bağlıdırsa, sadəcə uşağı sakitləşdirmək, stresdən kənar tutmaq və rahatlığını təmin etmək lazımdır.

Bundan başqa, uşaq nasaz olduğu zaman yeməkdən imtina edə bilər. Belə dövrlərdə uşağın zəifləyəcəyindən və xəstəliyin öhdəsindən gəlməyə gücü çatmayacağından qorxaraq, onu yedizdirməyə çalışmaq lazım deyil. Əksinə, bədənə imkan vermək lazımdır ki, gücünü ağır yeməkləri həzm etməyə yox, xəstəliklə mübarizəyə yönəldə bilsin. Ona görə də, müalicə zamanı uşağa istirahət, bol maye vermək, vitamin və minerallarla zəngin yüngül yeməklər, meyvə- tərəvəz və şirələr təklif etmək lazımdır. Əlbəttə ki, eyni zamanda xəstəliyin müalicəsi ilə məşğul olmalısınız.

Körpələrdə müvəqqəti iştahasızlıq diş çıxarma ilə bağlı ola bilər. Belə hallarda körpəyə anlayışla yanaşmalı, onu sevgi və qayğı ilə qucaqlamalı, onun üçün xoşagəlməz olan bu dövrün öhdəsindən gəlməyə kömək etməlisiniz.

Uşaq daim yeməkdən imtina edirsə

Uşaq daim yaxşı yemirsə və ya hətta heç bir səbəb olmadan yeməkdən imtina edirsə, onun inkişafına və sağlamlıq vəziyyətinə diqqətlə nəzarət olunmalıdır.

Əgər uşaq normal inkişaf edirsə, sağlamlığı yaxşıdırsa, həkim müayinəsindən və lazımi müayinələrdən sonra da heç bir problemi aşkarlanmırsa, böyük ehtimalla, o, sərf etdiyi enerjiyə mütənasib olaraq ehtiyacı olan qədər qida qəbul edir. Sadəcə, siz məcburi norma hesab etdiyiniz üçün, daim ona lazım olandan daha çox verməyə çalışırsınız.

Gündəlik gəzintilər və açıq havada aktiv oyunlar uşağın qidaya olan təbii ehtiyacını artıra bilər. Uşağın heç bir problemi yoxdursa, iştahanı artırmaq üçün ona vitaminlər vurmamalı, məcburən yüksək kalorili qidalar yedizdirməməlisiniz. Sizin bu cür davranışınız gələcəkdə piylənməyə və nəticədə bir çox başqa problemlərə səbəb ola bilər. Bununla siz sadəcə uşağın həyatını çətinləşdirəcəksiniz, çünki o, daim özünün böyük iştahası ilə mübarizə aparmalı olacaq.

Amma əgər uşaqda əhəmiyyətli dərəcədə fiziki inkişafdan qalma müşahidə olunursa və ildə 4 dəfədən çox xəstələnirsə, bu, bədəndə vacib elementlərin çatışmadığını və immunitetin zəif olduğunu göstərir. Bu halda, iştaha zəifliyindən və bunun nəticəsi olaraq, uşağın normal qidalanmamasından danışa bilərik.

Daimi iştaha zəifliyinin səbəbləri nə ola bilər?

Zəif iştaha hansısa xəstəliklə bağlı ola bilər. Bunun aşkarlanması üçün uşaq həkim müayinəsindən keçməli və ciddi problemlər aşkar edilərsə, müalicə olunmalıdır.

İştahasızlığın səbəbi həmçinin sadəcə yanlış qidalanma rejimi və yaxud da uşaqda süfrə arxasında yanlış vərdişlərin formalaşması ola bilər. Valideynlər uşaqda düzgün qidalanma vərdişlərini formalaşdırmaq üçün, uşaq doğulduğu gündən bəzi qidalanma qaydalarına əməl etməlidirlər.

Düzgün qidalanma qaydaları və ya uşağın iştahasını qaldırmağın yolları

1. Qidalanma rejiminə riayət edin

Qida rejiminin pozulması iştahsızlığın ən geniş yayılmış və adi səbəbidir. Uşağın aclıq hiss etməsi üçün, əvvəl yediyi yeməyi həzm etməsi lazımdır, bunun üçün isə müəyyən qədər vaxt keçməlidir. Yaxşı acdıqdan sonra o, iştahla yeyəcək.

Əksər valideynlər bunu nəzərə almır və öyünlər arasında körpənin şəkər, şirniyyat, yoqurt və s. yeməsinə icazə verir və ya bir stəkan süd təklif edirlər. Çoxları bunu hətta israrla edərək, guya uşağın tam yemədiyi naharı kompensasiya etməyə çalışır. Amma bəzən uşağın iştahasını "öldürmək" üçün bir-iki şirniyyat kifayət edir. Buna görə də, uşağa şirniyyatı əsas yeməkdən 1-1,5 saat əvvəl vermək lazımdır (əlbəttə ki, məhdud miqdarda).

Uşaq həddən artıq həyəcanlıdırsa (çox oynayıb, qaçıb və ya əsəbiləşibsə), o, qısa müddətlik yeməkdən imtina edə bilər. Yenə o dəqiqə uşağa lazımsız qidalar yedirtməyə başlamamalısınız. Uşağı sakitləşdirin və bir az gözləyin. Sakitləşdikdən sonra uşaq aclıq hiss edəcək və yenidən iştahası açılacaq.

2. Tez-tez açıq havada gəzin

Bir qayda olaraq, uşaq sərf etdiyi enerjiyə uyğun miqdarda qida qəbul edir. Yəni axırıncı yeməklə topladığı enerjini sərf etməyincə, orqanizm yemək tələb etməyəcək. Buna görə də, iştahasının yaxşı olması üçün uşağın açıq havada gəzməsi, aktiv oyunlar oynaması lazımdır.

3. Müxtəlif yeməklər təklif edin

Uşaqlar, böyüklər kimi (hətta bir az daha çox), monotonluqdan bezirlər. Buna görə də, körpənin həmişə yaxşı iştaha ilə yemək yeməsi üçün yeməyin çeşidli olması vacibdir. Bu səbəbdən, analar övladlarına yeməyi məharətlə təqdim etməyi öyrənməlidirlər.

4. Süfrə arxasında düzgün davranış vərdişi formalaşdırın

Bəzi uşaqlar diqqətlərini yeməyə yönəltməkdə çətinlik çəkirlər. Daim danışırlar, masanın ətrafında hərəkət edirlər və ya qaçmağa çalışırlar. Belə uşaqlar üçün mümkün qədər sakit mühit yaradın və tədricən ona masa arxasında sakit oturmalı olduğunu öyrədin - danışmaq və masadan qaçmaq olmaz.

Uşağın iştahasını pozmamaq üçün yeməkdən əvvəl və yemək zamanı uşaqda mənfi emosiyalar (kədər və inciklik) oyatmamağa çalışın. Yəni uşağı danlamayın, masa arxasında ciddi problemləri müzakirə etməyin və hər hansı mübahisələrdən qaçın. Uşağın iştahına müsbət təsir edəcək sakit və mehriban söhbət qurun.

Uşağın yeməyə müsbət münasibətini gücləndirmək üçün, uşağınızla yemək yeyərkən yeməyin dadından həzz aldığınızı göstərin, bunu sözlərlə təsvir edin (çox dadlıdır, şirindir və s.). Həm də digər ailə üzvlərinizlə razılığa gəlin ki, yemək haqqında yaxşı danışsınlar və uşağın yanında yeməklərdən imtina etməsinlər. Çünki sadəcə böyüklərin hərəkətini təkrarlayaraq, o da yeməklərdən imtina edə bilər.

Bir çox valideynlər uşağın fikrini yayındırmaqla yemək yeməsi üçün, yemək zamanı hər yolla onu əyləndirməyə çalışırlar. Bu, əksər valideynlərin etdiyi səhvdir. Birincisi, uşağın yeməyi "udması" nəticəsində lazımi miqdarda ağız suyu və mədə şirəsi ifraz olunmadığı üçün, yemək yaxşı həzm olunmayacaq və nəticədə, siz yalnız uşağın iştahasını pozacaqsınız. İkincisi, bu, uşağın xarakterini korlayacaq, çünki öz mənfəəti üçün valideynləri ilə manipulysiya etmək onda vərdişə çevriləcək.

Heç vaxt uşağı öz iradəsinə zidd olaraq yeməyə məcbur etmək olmaz. Süfrə arxasında zorakı hərəkətləriniz körpədə yemək prosesinə nifrət yarada, onun psixikasında çox çətin aradan qaldırıla bilən mənfi assosiasiyalara səbəb ola bilər. Bundan başqa, artıq qeyd etdiyimiz kimi, yeməyi sadəcə "udması" ona istədiyiniz faydanı verməyəcək.



İmmuniteti gücləndirən qida məhsulları

Uşağın beynini inkişaf etdirən qidalar



S a ğ l a m    n ə s i l  bölməsində digər yazılar >>




Saytdakı yeniliklərdən xəbərdar olmaq üçün bizi İnstagramFacebookda izləyin