Meyvə-tərəvəzlə birlikdə yediyimiz zərərli nitratlar

[читать на русском]

Meyvə-tərəvəzdən tərkibində nitratlar

Hər kəs meyvə-tərəvəzin insan orqanizmi üçün çox faydalı olduğunu bilir. Lakin nitratlı meyvə və tərəvəzdən istifadə çox acınacaqlı nəticələrə gətirib çıxara bilər.

Nitrat nədir və niyə insan üçün bu qədər təhlükəlidir?

Bitkilərin yetişdirilməsi zamanı nitratlar onların yaxşı inkişaf etməsi üçün istifadə edilir. Nitrat öz-özlüyündə insan orqanizmi üçün təhlükəli deyil: az miqdarda qəbul edildikdə, emal olunaraq orqanizmdən xaric olur. Həqiqi təhlükə nitratın miqdarının həddindən çox olmasıdır ki, bu da onun kənd təsərrüfatında həddindən artıq istifadəsi nəticəsində baş verir.

İnsan orqanizmində nitratlar təhlükəli nitritlərə çevrilir ki, bu da öz növbəsində hemoqlobini oksigen daşıma qabiliyyəti olmayan methemoqlobinə çevirir. Nəticədə, hipoksiya yaranır və əgər methemoglobinin miqdarı normadan 50% çox olarsa, bu, ölümlə nəticələnə bilər. Nitratların təhlükəli miqdarı olaraq mütəxəssislər 8-14 q diapazonu qeyd edirlər.

Bəs nitrat zəhərlənməsinin əlamətləri nələrdir?

Nitrat zəhərlənməsinin əlamətləri halsızlıq, qusma, həzm pozuntusu, ürəkbulanmadır. Xüsusilə, mədə şirəsinin miqdarı aşağı olan, immuniteti zəif olan, tez-tez alkoqol istifadə edən insanlar, südəmər uşaqlar risk qrupuna daxildirlər. Bu qrup insanlar üçün hətta cüzi nitrat zəhərlənməsinin nəticəsi belə çox acınacaqlı ola bilər.

Özümüzü nitrat zəhərlənməsindən necə qoruya bilərik?

- Həddən artıq böyük, çox yumşaq, bir qədər sulanmış meyvə və tərəvəzi almayın - ola bilsin ki, onların yetişdirilməsi zamanı çoxlu nitrat istifadə olunduğu üçün belə görkəm alıblar.

- İstifadə etdiyiniz suya fikir verin - xüsusilə, yeraltı mənbələrdən əldə edilən su nitratlı ola bilər.

- İstifadə etdiyiniz meyvə və tərəvəzi axar suda yaxşı-yaxşı yuyun.

- Meyvə və tərəvəzi soyuducuda saxlayın (təbii ki, kartof, soğan kimi tərəvəzlərə aid deyil).

- Əgər aldığınız meyvə və ya tərəvəzin nitratlı olduğundan şübhə edirsinizsə, ən azı yarım saat suda saxladıqdan sonra istifadə edin.

Nitrat bitkinin ən çox harasında toplanır?

Nitrat bitkilərin qabığında, yarpaqlarında, kökündə və özəyində daha çox toplana bilər. Bu baxımdan ən "şübhəli" meyvə və tərəvəzlər çuğundur, yerkökü, şüyüd, qarpız və qovun, Pekin kələmi, brokoli, ispanaqdır. Lakin, təəssüf ki, bu tam siyahı deyil.

Fermer təsərrüfatında və şəxsi ərazilərdə yetişdirilmiş məhsullar təhlükəsizdirmi?

Təəssüf ki, yox, çünki meyvə və tərəvəzlərin yetişdirildiyi torpaq nitratlarla çirklənə bilər. Bu halda fermer gübrədən az istifadə etsə belə, miqdar artacaq. Torpağın analizi ilə bağlı sənədlər isə çox vaxt təqdim edilmir.

Bəs məişət nitrat-ölçənlərindən istifadə bu problemin həllidirmi?

Bir-biri ilə rəqabət aparan çoxsaylı şirkətlər tərəfindən təklif olunan müxtəlif cihazların bütün problemləri həll edəcəyi və bütün şübhələri aradan qaldıracağı vəd edilir. Amma, təəssüf ki, bu cihazların göstəricilərinə də etibar etmək olmaz. Çünki onlar yoxlanılan məhsulun tərkibində təkcə nitratların deyil, bütün duzların ümumi miqdarını göstərir və bura sağlamlıq üçün faydalı olan mineral duzlar da daxildir. Odur ki, yediyimiz meyvə-tərəvəzdə nitratın miqdarını müəyyən etməyin yeganə etibarlı yolu onların peşəkar laboratoriyada sınaqdan keçirilməsidir.

Belə olan təqdirdə, gündəlik həytımızda meyvə və tərəvəzlərin xarici görünüşünə diqqət etməklə və yuxarıda qeyd etdiyimiz bəzi göstərişlərə əməl etməklə nitratların özümüzün və ailəmizin sağlamlığına zərərli təsirini minimuma endirə bilərik.



Sağlamlıq bölməsində digər yazılar >>