Ailədaxili münasibələri yaxşılaşdıran vərdiş

[читать на русском]

Ailədaxili münasibələri yaxşılaşdıran vərdiş

Son zamanlar bir çox ailələrdə ailə üzvləri arasında normal münasibət yoxdur. Bunun səbəbi televiziya və mobil telefonların həyatımıza daxil olması nəticəsində texnologiya və internet asılılığının olmasıdır.

Bununla belə, ailədə ümumi bir hobbi və ya məşğuliyyət yaradsanız, müsbət dəyişikliklərə özünüz də təəccüblənəcəksiniz. Niyə belədir?

İlk baxışdan real görünməsə də, hər kəs həftədə adi bir məşğuliyyətə yarım saatdan da az vaxt ayırmaqla ailəsinin həyat keyfiyyətini dəyişə bilər. Bunun sirri çox sadədir.

Bütün ailənizlə birlikdə həftədə eyni vaxtda 20 dəqiqə qiraət edin. Bir müddətdən sonra daha çox oxumağa başladığınızı, daha maraqlı mövzular ətrafında söhbət etdiyinizi və daha tez-tez ünsiyyət qurmağa başladığınızı, ailənizlə münasibətlərinizin isə möhkəmləndiyini görəcəksiniz.

Nədən başlamaq lazımdır?

Ailədaxili münasibələri yaxşılaşdırmağa yardımçı olacaq bəzi məsləhətlər:

1. Vacib məqam: birgə qiraətdə bütün ailə iştirak etməlidir. Əgər uşaqlar varsa, ata və ana onlarla ayrılıqda yox, birlikdə kitab oxumalıdırlar. Əks təqdirdə, həmin effekt olmayacaq.

2. Hamı üçün rahat olan qiraət vaxtı seçin. Məsələn, axşam, nahardan sonra, bütün ailə hələ də masada olarkən bunu etmək olar.

3. Ailə üzvlərinizə maraqlı bir ailə tədbiri keçirmək istədiyinizi və orada hər kəsin mühüm rol oynadığını söyləyin. Əlavə edin ki, bu fəaliyyət onları daha inamlı və daha ağıllı edəcək.

4. Tədbir üçün parlaq və qeyri-adi ad seçin.

5. Telefonları və kompüterləri bir müddət söndürün ki, kənar şəxslərin müdaxiləsi olmasın.

6. Hər kəsdən özünə uyğun kitab, qəzet və ya jurnal seçməsini xahiş edin.

7. Göstərilən müddətə taymer qurun və ciddi-cəhdlə oxumağa başlayın.

8. 20 dəqiqədən sonra oxuduqlarınızla bağlı təəssüratlarınızı bir-birinizə danışın.

Mütləq nəzərə alınmalı məqamlar:

1. Bu gün bir çox insanlar elektron cihazlarda kitab oxuyurlar. Əgər uşaqlara planşetdən oxumaq daha rahatdırsa, gizlincə oyun oynamadıqlarından əmin olun.

2. Süfrədə ləzzətli bir şey olsa, oxumaq darıxdırıcı olmaz. Əvvəlcədən atışdırmaq üçün bir qab çərəz və ya başqa bir şey qoyun.

3. Hansı gün və hansı saatda birlikdə oxumağın sizin üçün daha rahat olduğuna qərar verin. Beləliklə, siz daha bir yaxşı vərdiş qazanacaqsınız.

Nəticədə, hamı üçün təəccüblü olsa da, uşaqlarınız növbəti dəfə kitab oxumaq üçün nə vaxt masa arxasında toplaşacağınızı soruşmağa başlayacaqlar. Gözlənilməz bir şəkildə iyirmi dəqiqə yarım saata və ya daha çox vaxta çevriləcəkdir. İstəsəniz, həftədə bir dəfə deyil, hər gün oxumağa vaxt ayıra bilərsiniz.



Psixologiya bölməsində digər yazılar >>