Kiçik mənzilinizi maksimum genişləndirməyin 5 qaydası
Bəzən çox böyük sahəsi olan mənzil də narahat, darısqal və cansıxıcı görünə bilər. Çünki mühüm olan məzilin sahəsinin ölçüsü deyil, həmin sahədən necə istifadə etməyimizdir.
Kiçik mənzillərin əbədi problemi saxlama yerinin olmamasıdır. Problemin həlli daha böyük sahəsi olan mənzilin alınması ola bilər. Ancaq maddi imkanlar məhduddursa nə etməli?
Aşağıdakı 5 qaydaya əməl etməklə, məhdud yerinizi artıraraq, mənzilinizi daha geniş və rahat edə bilərsiniz:
1. Çoxməqsədli mebeldən istifadə edin
Böyük ölçülü mənzillər üçün ən uyğun mebel, birbaşa təyinatına əlavə olaraq, əşyaların saxlanması kimi də xidmət edən mebeldir. Beləliklə, ev və interyer üçün divan, çarpayı, həmçinin şkaflar və digər mebel alarkən, bu və ya digər dərəcədə məhdud yer problemini aradan qaldırmağa kömək edəcək, altında rahat saxlama yeri olanları seçin.
2. Tavandan faydalanın
Evinizdə mümkün olan hər yerdən istifadə etdiyinizi düşünürsünüzsə, yuxarıya baxmaq vaxtıdır. Bəli, tavan da saxlama yeri kimi istifadə edilə bilər! Tavanlarınız kifayət qədər yüksəkdirsə, münasib bir yerdə asma şkaf quraşdıra bilərsiniz. Bu, mənzilinizdə yer tutmayan əla saxlama məkanı ola bilər. Mətbəxdə isə qazan və tavalar üçün qarmaqlar və ya rəf quraşdırmağa cəhd edə bilərsiniz. Bunun mətbəx şkaflarınızda nə qədər yer boşaldacağını təsəvvür edə bilməzsiniz.
3. Qatlanıb yığılan mebel alın
Lazımi əşyaları saxlamaq üçün yer olmaması ilə yanaşı, mənzil sahəsinin darlığından da narahatsınızsa, qatlanıb yığılan mebeldən istifadə çıxış yolu ola bilər. Divara qatlanan stol, həmçinin çarpayı gün ərzində mənzilinizin daha geniş olmasına şərait yarada bilər. Belə mebeli satışda tapmaqla və ya sifariş verməklə, rahat yerdə quraşdıra bilərsiniz. Onlar asanlıqla və rahat şəkildə divara qatlanaraq, ehtiyac olmadıqda evdə yer tutmayacaqlar.
4. Lazımsız mebellərdən qurtulun
Evdə çoxlu mebel saxlamamağa çalışın. Hətta geniş sahəsi olan bir mənzil də mebellə doldurulduqda dar və narahat ola bilər. Yalnız zəruri mebeldən istifadə edin və hərəkət üçün çoxlu boş yer saxlayın.
5. Evinizi lazımsız əşyalardan təmizləyin
Kiçik mənzillər sentimental və tutumcul insanlar üçün deyil. Bütün köhnə məktubları, hədiyyələri və bu kimi şeyləri saxlasanız, evdəki yerinizi onlara verməli olacaqsınız. Yalnız ən qiymətli əşyaları saxlayın və bu “xəzinənizin” həcminin bir qutudan artıq olmamasına çalışın. Xatirələriniz bütün şkaflarınızı zəbt etməli deyil. Keçmişdə deyil, indi və gələcəkdə yaşamağa çalışın.
Həmçinin həddindən artıq qənaətcil olmağa ehtiyac yoxdur. Çox yer tutan boş dondurma, xama və s. qabları saxlamayın. Rəflərinizə və şkaflarınıza mütəmadi olaraq nəzər yetirin, onları qaydaya salın və yaxın gələcəkdə sizə faydası olmayacaq şeylərdən xilas olun.
Yadda saxlayın: Əgər bir şey son iki ildə sizə bir dəfə də lazım olmayıbsa, demək, ona ehtiyacınız yoxdur – həmin əşyanı verin, satın və ya sadəcə atın.
EVİM bölməsində digər yazılar >>