Nə geyəcəyini bilmirsən? 5 prinsipə əməl etməklə baza qarderobunu yarat
Geyimlərimizi bir-biri ilə necə uyğunlaşdıraq? Çox pul xərcləmədən həmişə dəbli görünmək üçün nə edək? Hər cür şəraitə uyğun baza qarderobu necə yaradaq? Bütün bu suallara cavab tapmaq üçün aşağıdakı 5 prinsipə əməl etməklə baza qarderobunu yarat.
1. Asan uyğunlaşdırıla bilən rənglərə üstünlük verin
Alış-verişə getdiyiniz zaman bir-birinə asan uyğunlaşdıra biləcəyiniz 3-4 əsas rəng seçin. Nəyisə bəyəndiyiniz zaman, onu almazdan əvvəl mütləq şkafınızdakı hansı geyimlərlə uyğunlaşdıra biləcəyinizi düşünün.
Bir-biri ilə ən çox uyğunlaşan və demək olar ki, hər üsluba uyğun olan rəng çalarları bej, ağ, qara, tünd-göy, boz və xakidir. Geyimlərinizi daha çox bu rənglərdə seçməklə, orta səviyyəli qarderob yaradaraq, hər gün uzun düşünmədən geyinməyə münasib bir şey tapa bilərsiniz.
Nə qədər çox rəng qarışdırsanız, onları uyğunlaşdırmaq bir o qədər çətin olur. Son illərin moda trendləri eleqant xaosa meyl yaratsa da, unutmamalıyıq ki, belə kombinasiyaları yaratmaq kifayət qədər yüksək geyim məharəti tələb edir.
2. Qarderobunuzda baza elementərin olması çox vacibdir
Öz qarderobunuz üçün paltar seçərkən unutmayın ki, qarderobunuzda mütləq neytral rənglərdə tək rəng baza geyim elementləri – baza köynək, baza paltar və ya triko – olmalıdır. Hər biri tək rəng, hər şeyə uyğunlaşa bilən olmalıdır. Onları gödəkçə, jaket, sviterr və köynək kimi müxtəlif əşyalarla uyğunlaşdıraraq asanlıqla öz unikal üslubunuzu yaratmağa başlaya bilərsiniz. Qadın qarderobunun baza elementlərinin ən böyük üstünlüyü ondan ibarətdir ki, onlar boyunbağı, şərf, yaylıq və s. kimi müxtəlif aksesuarlarla zənginləşdirilə bilər.
Bu qrupa təkrəng sadə qara paltarı aid edə bilərik. Bu ifadə artıq klişeyə çevrilib: “Hər qadının qarderobunda hər yerdə rahat geyinə biləcəyi sadə qara paltar olmalıdır”. Bu paltarı rahatlıqla gündəlik paltar, kokteyl paltarı kimi və ya işgüzar görüş üçün geyinə bilərsiniz. Altına geyindiyiniz ayaqqabı, sandalet və ya çəkmələr paltarın məqsədini müəyyən edəcək. Pencək, jaket və ya palto ilə sizi bu paltarla hər yerə getməyə hazır olacaqsınız.
3. Kəmərləri unutmayın
Kəmərlərə "sərmayə qoymaqdan" qorxmayın. Kəmərlər, xüsusilə kombin düzəltməkdə çətinlik çəkənlər üçün əla xilasedicilərdir. Sadə bir paltar zərif bir kəmərlə möhtəşəm geyimə çevrilə bilər. Bundan başqa, müxtəlif rənglərdə, müxtəlif qalınlıqda və materialda kəmərlər ala bilərsiniz. Belə alış-veriş həmişə sizə fayda gətirəcək və mükəmməl qarderob yaratmağa kömək edəcək.
4. Bədən tipinizə uyğun geyinin
Şkafınızdakı alt və üst qrup geyimləri bədən quruluşunuza görə təsnif edin. Əgər qalın beliniz varsa, onu gizlətmək üçün sinədən aşağı enlənən koftalar seçə bilərsiniz və ya əksinə, incə beliniz varsa, onu vurğulamaq üçün belə oturan koftalar və ya paltar üslubları seçə bilərsiniz. Geniş budlarınız varsa, örtücü tuniklərə, köynəklərə və ya bluzlara və A-formalı paltar və ətəklərə üstünlük verə bilərsiniz.
5. İri elementlərdən çəkinin
Kombin yaratmaqda yenisinizsə, iri bəzəklərdən, rəng və naxışları qarışdırmaqdan mümkün qədər çəkinməyiniz tövsiyə olunur. Hər hansı bir geyiminizi tamamlaya biləcək bir neçə zərif zəncir, üzük, sırğa və şərflər ilk vaxtlarda işinizi asanlaşdıracaq.
Ehtiyac varsa, qarderobunuzdakı artıq əşyalardan xilas olmaq da uğura doğru bir addım ola bilər. Baza qarderob, yəni yuxarıda göstərilən əsas rənglərdən bir neçəsindən ibarət kapsul qarderob, xüsusilə geyimləri uyğunlaşdırmağı yaxşı bacarmayanlar üçün ideal başlanğıcdır. Əgər naxışlardan və ya blok rənglərdən istifadə etmək istəyirsinizsə, kombinləri bir araya gətirmək təcrübəsi qazanana qədər klassik seçimlərdən istifadə etməyiniz məsləhətdir.
Nəhayət, mükəmməl qarderobun və uğurlu kombinlərin yaradılması məsələsinin həllində daha bir məqamı qeyd edək. Məsələn, idman geyiminə üstünlük verirsinizsə, buna baxmayaraq, qarderobunuzda müxtəlif situasiyalarda istifadə edə biləcəyiniz ən azı bir geyim elementinin olması faydalıdır. Ola bilsin ki, siz bu paltarı ildə yalnız bir dəfə geyinəsiniz, lakin yaxşı görünmək və istənilən situasiyada uğurlu kombinlər yarada bilmək üçün həmişəki üslubunuzdan əlavə, fərqli görünüşlərə şans verməlisiniz.
Bilmək maraqlıdır:
Şəkərdən çox istifadə yaşlanmanı sürətləndirir
Stresdən qurtulmağın yolları
Həyatınızı rahatlaşdıracaq 10 vərdiş
Kiçik mənzilinizi maksimum genişləndirməyin 5 qaydası
Meyvə qurusundan faydalı konfetlər