Sağlam yuxunun əhəmiyyəti və uşağın az yatmasının mənfi nəticələri
Yuxu həyatımızın ayrılmaz hissəsidir. Yuxu zamanı beynimizdə müəyyən kimyəvi proseslər baş verir və bunun sayəsində gün ərzində alınan məlumatlar "emal olunur" və hüceyrələr növbəti yeni bilikləri mənimsəmək və yadda saxlamaq üçün bərpa olunur.
Bundan əlavə, gecə yuxusu zamanı bədənimizdə mühüm rol oynayan serotonin hormonunun istehsal mexanizmini işə düşür. Bu, əsas neyrotransmitterdir: motor fəaliyyətini idarə edir, ağrı həddini optimallaşdırır, damar tonusunu, hipofizin hormonal funksiyasını tənzimləyir və s. Orqanizmi bir çox xəstəliklərdən qoruyan melatonin hormonu məhz gecə qaranlıqda yatarkən hasil olunur.
Yuxu çatışmazlığı və ya zəif yuxu bir çox sağlamlıq problemlərinə səbəb ola bilər, buna görə də hər kəsə, xüsusən də uşaqlara sağlam yuxu lazımdır.
Uşağın sağlam yuxu yatması üçün nə etməliyik?
Körpənin yaxşı yuxuya getməsi və yuxu zamanı yaxşı istirahət etməsi üçün əlverişli şərait yaratmağa diqqət yetirməlisiniz:
- yatmazdan əvvəl otağı havalandırın;
- yataq yerinin rahat olmasını təmin edin;
- otaq sərindirsə, rahat pajama geyindirin;
- uşağın televizorun fonunda yuxuya getməsinə imkan verməyin, çünki kənar səslər uşağın dərin yuxuya getməsinə imkan vermir və bu zaman sinir sistemi lazımi istirahəti almır.
Uşağın az yatmasının səbəbləri
Uşaq nə üçün az yatır? Çünki böyüklər sağlam tam yuxunun uşağın inkişafı üçün nə qədər vacib olduğunu unudurlar.
Məktəbəqədər müəssisələrdə tərbiyəçilər heç də həmişə uşaqların yatmasını təmin etmək üçün tövsiyələrə əməl etmirlər. Körpə yatmır? Eybi yox, qoy sakitcə uzansın. Bəs uşağın sakitcə uzanması mümkündürmü? O, yerində vurnuxmağa başlayır və digər uşaqlara mane olur. Üstəlik, "zəncirvari reaksiya" baş verir: "Əli yatmır. Mən də istəmirəm". Evdə isə valideynlər yatmazdan əvvəl uşağın televizora baxmasına, kompüter oyunları oynamasına və gec yatmasına icazə verirlər.
Uşağın az yatmasının mənfi nəticələri
Bir çoxumuz həyatımızda ən azı bir dəfə az yatmağın təhlükələri haqqında eşitmişik. Müntəzəm olaraq az yatan böyüklər əsəbilik, diqqət dağınıqlığı, tez-tez depressiya və baş ağrılarından əziyyət çəkirlər. Yuxuya əhəmiyyət verməməklə qazandığımız xəstəliklər buketi həqiqətən çox böyükdür. İndi təsəvvür edin ki, yuxusuzluq böyüməkdə olan uşaq orqanizmi üçün nə qədər zərərlidir.
Beləliklə, əgər uşaq az yatırsa, bu, aşağıdakı mənfi nəticələrə gətirib çıxarır:
- fiziki inkişafdan geri qalma - belə ki, uşaqlarda böyümə hormonlarının 80% -i yuxu zamanı istehsal olunur;
- müvazinətsizlik, boş vurnuxma, qərarsız davranış, rabitəsiz nitq - bu pozuntular təkcə uşağın özünün deyil, həm də valideynlərinin həyatında bir çox problemlər yaradır;
- fəaliyyət qabiliyyətinin və informasiyanın mənimsənilməsi qabiliyyətinin, beyinin inkişafının zəifləməsi;
- stresli vəziyyətlərə adaptasiya olma qabiliyyətinin zəifləməsi (hələ nəzərə alsaq ki, uşaqlarda belə vəziyyətlər həddən çox olur!)
- və əlbəttə ki, ürək-damar xəstəliklərinin yaranması.
İmmuniteti gücləndirən qida məhsulları
Uşağın beynini inkişaf etdirən qidalar
S a ğ l a m n ə s i l bölməsində digər yazılar >>