Qış depressiyasından necə çıxmaq olar?

[читать на русском]

Qış depressiyasından necə çıxmaq olar?

Əgər soyuqların düşməsi ilə yuxunuz pozulubsa, özünüzü çox yorğun və bədbəxt hiss etməyə başlamısınızsa və iştahanız artmışsa, bütün bunların səbəbi qış depressiyası ola bilər. Elə isə, gəlin öyrənək, qış depressiyası nədir və bu depressiyadan neçə çıxmaq olar.

Qış depressiyası nədir?

Qış depressiyası payızda başlayan, qış aylarında davam edən və hər il eyni dövrdə təkrarlanan bədbinlik halıdır. Bu vəziyyət ona görə qış depressiyası adlanır ki, o həmişə soyuq mövsümdə başlayır. Qış depressiyaından əziyyət çəkən insan, həyatında müsbət hadisələr baş versə belə, özünü depressiyada hiss edir.

Niyə qış fəsli bəzilərində depressiya yaradır?

Qış insanlar üzərində müəyyən təsirə malikdir. Belə təsirlərin səbəbi gün işığının azalmasıdır. Günəş şüalarının qısalması insanın bioloji saatının dəyişməsinə səbəb ola bilər. Nəticədə bizim hissiyyatımıza təsir edən xoşbəxtlik hormonunun - serotoninin azalması, eləcə də yuxuya təsir edən melatonin hormonunun səviyyəsinin qalxması baş verir. Bu, mövsümi depressiyaya zəmin yaradan ən vacib amillərdir.

Qış depressiyasına daha çox kimlər məruz qalır?

Qış depressiyasına düşmək riskinə daha çox məruz qalanlar qadınlar; ekvatordan uzaq soyuq regionlarda yaşayan şəxslər, ailəsində mövsümi depressiya halları olanlar; və kliniki səviyyədə depressiyadan əziyyət çəkən şəxslərdir.

Qış depressiyasının əlamətləri nələrdir?

Qış depressiyasına düşmüş insan adətən kədər, ümidsizlik, həyəcan, çarəsizlik, enerji düşkünlüyü, əl və ayaqlarında ağırlıq hiss edir, o özünə qapanaraq cəmiyyətdən uzaqlaşır, daha çox yatır, əvvəllər zövq aldığı işdən artıq zövq ala bilmir, iştahası artır və bu, adətən yüksək miqdarda karbohidrat (çörək, şirniyyat) istifadəsi ilə özünü göstərir. Bütün bu əlamətlər diqqətin zəifləməsinə, eləcə də çoxlu qida qəbulu nəticəsində bədən kütləsinin artmasına və insanın icimai həyatdan uzaqlaşması nəticəsində hərəkətliliyin azalmasına gətirib çıxarır.

Əgər bütün göstərilən simptomlar insanın həyat və fəaliyyətinə mənfi təsir göstərməyə başlamışsa və o öz gücü hesabına onların öhdəsindən gələ bilmirsə, bu, həmin insana qış depressiyası diaqnozunun qoyulmasına əsas verir.

Qış depressiyası ciddi xəstəlikdirmi?

Əlbəttə. çünki tədqiqatlar göstərir ki, bir dəfə depressiyaya düşmüş insanın təkrar depressiyaya düşmək riski daha yüksəkdir. Deməli, bu simptomlardan qurtulmaq üçün peşəkar dəstək üçün nə qədər tez müraciət edilsə, insanın həyat keyfiyyəti bir o qədər yüksək olacaq. Məlumdur ki, qış depressiyasından vaxtında qurtulmadıqda bu özünə qəsd haqqıında fikirlərə, sosial mühitdən uzaqlaşmağa, işdə və ya məktəbdə problemlərə, zərərli vərdişlərə qurşanmağa gətirib çıxara bilər.

Qış depressiyasından çıxmağın yolları:

- Tez yatın və tez yuxudan durun - belə etməklə günəş işığının enerjisindən daha çox faydalana biləcəksiniz.

- Yatmaq vaxtından bir neçə saat əvvəldən qida qəbul etməyin və elektron cihazlardan istifadə etməyin.

- Yatmazdan əvvəl isti duş qəbul etmək daha dərin yuxuya getməyə yardımçı olar.

- Fiziki məşqlər edin: fiziki hərəkətlər xoşbəxtlik hormonu olan serotoninin sekresiyasına şərait yaradır. Əhval-ruhiyyənizi qaldırmaq üçün gündə cəmi 30 dəqiqə bəs edər. Əgər fiziki məşqlərə hətta 30 dəqiqə də ayıra bilmirsinizsə, sadəcə lif əvəzinə pilləkəndən istifadə etməklə və yaxın məsafələrə nəqliyyatdan istifadə etmədən piyada getməklə aktivliyinizi artıra bilərsiniz.

- Şirniyyatdan və ümumiyyətlə karbohidratlardan uzaq durun: əksər insanlarln böyük səhvi şirniyyat və ya karbohidratla zəngi qidalar qəbul etməklə xoşbəxtlik hissi yaşamağa çalışmalarıdır. Bəli, bu qidalar bizi müəyyən müddət xoşbəxt edə bilir, amma bir müddət sonra şəkər səviyyəsinin kəskin aşağı düşməsi daha güclü bədbinlik hissi yaradır. Özünü daha bədbəxt hiss edərək insan daha çox şirniyyat yeyir və bununla da özünü dolanbaca salır. Bu isə nəticədə artıq çəki probleminə və üstəlik bununla bağlı təəssüf hissinin yaranmasına gətirib çıxarır.

- Bəzi hallarda işıq terapiyası, psixoterapiya və müvafiq sahənin mütəxəssisinin nəzarəti altında dərman müalicəsi tələb oluna bilər.

Psixologiya bölməsində digər yazılar >>