"Yox" deməyi bacarırsınızmı?
Bugünkü həyat şəraiti elədir ki, daim nəyisə çatdırmağa çalışaraq insan daim gərginlik altındadır. Bundan başqa, sonsuz xahiş və tələbləri insanları bezdirərək, öz işini başqasının belinə yükləməyə çalışan "şirindil istismarçılar" bəzi insanların həyatını daha da çətinləşdirir. Başqalarının ürəyiyumşaqlığından istifadə edərək öz işlərini onlara gördürmək belə istismarçıların adətidir.
Belə ki, vicdan hissi və daxili ziddiyyət bəzilərini başqalarının xahişlərinə "yox" demək əvəzinə "hə" deməyə vadar edir. Buna görə də, bu gün insanın özünə edə biləcəyi ən böyük yaxşılıq "Yox!" deməyi öyrənməkdir.
"Yox" demək bacarığı insanı onun üçün sərfəli olmayan, çətin və ya mənasız tələb və ya təkliflərə razılaşarkən yaşadığı stresdən azad edir və həyatda onun özü üçün daha əhəmiyyətli olan işlər üçün vaxt qazanmağa imkan verir.
"Yox" deməyi necə öyrənmək olar?
əvvəlcə aydınlaşdıraq ki, nə üçün başqasının xahişlərinə "yox" deməli olduğumuz halda "hə" cavabı verməli oluruq? Başqasına kömək etməkdən imtina etməklə, biz guya ki, laqeyd, xudbin və ya pis insan kimi davranırıq. Bəzən bunun səbəbi başqalarının xoşuna gəlmək istəyi, sevilməmək, rədd edilmək, tənqid olunmaq və ya münasibətləri pozmaq qorxusudur.
Maraqlıdır ki, "yox" demək bacarığı hansısa mənada özünə inam hissi ilə əlaqəlidir. Özünə inam və şəxsi ləyaqət hissi zəif olan insanlar çox vaxt başqaları ilə ziddiyyətə girməkdən çəkinirlər və başqalarının istək və tələbatlarını özününkündən üstün tutmağa meylli olurlar.
İnsan başqaları üçün yaşayanda onun özünə verdiyi dəyər onun başqaları üçün etdiklərindən asılı olmağa başlayır. Beləliklə, zamanla onun bütün tanışları ondan başqalarının xahiş və tələblərini yerinə yetirməyə daim hazır olmasını gözləyir, hətta bunu onun borcu kimi başa düşürlər. "Yox" deməyi bacarmamaq daimi yorğunluğa, gərginliyə səbəb olur. Özünü həddən artıq gərginliyə və stressə salaraq və "hə" dediyi üçün vəziyyətdən çıxmağa çalışaraq, insan özünü zəif və xəstə hiss etməyə başlayır.
Buna görə də, "yox" cavabı əksər hallarda sizin özünüz üçün daha sərfəli cavabdır. Siz hamı ilə razılaşmağa davam etsəniz, bu, xahişlərin sayının artmasına, stressin çoxalmasına gətirib çıxarar və sizin özünüz üçün vacib olan işlərə, öz şəxsi işlərinizə vaxtınız qalmaz. "Yox" cavabını vermək sizin üçün asan olmasa da, bu, sizin stressinizi azaldacaq, öz şəxsi öhdəliklərinizi daha yaxşı icra etməyə və yeni maraq sahələri kəşf etməyə imkan verəcək.
Rahatlıqla "yox" deməyi öyrənmək və bu zaman özünü günahkar hiss etməmək, vicdan əzabı çəkməmək və daxili ziddiyyət yaşamamaq üçün aşağıdakı qaydaları yadda saxlayın.
Nə zaman "YOX" deməliyik?
Bəzən hansı işə öz vaxtını və enerjini sərf etməyin doğru olduğunu müəyyən etmək çətin olur. Aşağıdakı tövsiyələr qarşınızda duran öhdəlikləri və imkanları ağılla qiymətləndirərək, özünüz üçün ən sərfəli qərarı qəbul etməyinizə yardımçı olacaq:
o Ən vacib olanı nəzərə alın. Növbəti dəfə kiməsə söz verməzdən əvvəl öz şəxsi öhdəliklərinizi və istəklərinizi nəzərdən keçirin. Əgər bunun sizin üçün əhəmiyyətli olduğunu hiss edirsinizsə, razılaşın, əks halda isə imtina edin.
o "Hə" deyəcəyiniz halda yaşayacağınız stressi götür-qoy edin. Özünüz üçün müəyyənləşdirin ki, sizin razılaşmağınız sizi yalnız qısa müddət ərzində gərginliyə salacaq, yoxsa sizi uzun müddətlik yükləyəcək (bir neçə həftə və daha çox)? Əgər söhbət ikinci haldan gedirsə, başqa variantları nəzərdən keçirin.
o Öz cavabınıza qərar verərkən günahkarlıq hissini unudun.
o Əgər indi cavab verə bilmirsinizsə düşünmək üçün özünüzə vaxt verin. Cavabınızı sonra verəcəyinizi bildirin.
"YOX" cavabını necə vermək lazımdır?
"YOX" deməyə qərar verdiyiniz zaman dəqiq və qəti olmağa çalışın. "Yox" sözü - sizin lazımsız öhdəlikləri üzərinizə görütməyinizə imkan verməyən yeganə, sadə, lakin güclü sözdür. Bəzən vəziyyət daha mürəkkəb ola bilər. Lakin yadda saxlayın ki, "YOX" sözü nöqtəni qoyur. Onu istifadə etməkdən qorxmayın. Əgər "yox" əvəzinə "əmin deyiləm", "düşünmürəm ki, bacararam" kimi ifadələr işlətsəniz, bu elə başa düşülə bilər ki, sizin "hə" deməyinizə də ehtimal var.
"Yox" cavabı verərkən nə badə imtina etməyinizin səbəbini uzun-uzadı izah edəsiniz və haqlı olduğunuzu sübut etməyə çalışasınız. Sizin dürüst, hörmətli münasibətiniz və qəti duruşunuz sizin qərarınızın başqaları tərəfindən sözsüz qəbul edilməsi üçün çox vacibdir.
Düzdür, əvvəllər "hə" deməyə vərdiş etmiş şəxslərə "yox" demək çətin gələ bilər. Lakin "YOX" deməyi öyrəndikdən sonra sizin həyatınızda stress azalacaq, həyatınız asanlaşacaq və öz şəxsi işlərinizə daha çox vaxt ayıra biləcəksiniz.
Psixologiya bölməsində digər yazılar >>