Tənhalıqdan necə qurtulmaq olar?
Artıq uzun müddətdir ki, tənhasınız və sağlam münasibət qura bilmirsiniz, amma artıq bu vəziyyətə son qoymaq isəyirsinizsə, əvvəlcə tənhalığınızın səbəbini tapmalısınız. Səbəb çox ola bilər. Tənhalıqdan qurtulmaq üçün, sizə yaxşı münasibət qurmağa mane olan halları müəyyən edərək aradan qaldırmaq lazımdır.
Keçmiş münasibətlər
Tənhalığınızın səbəbi keçmiş münasibətinizi geridə qoya bilməməyiniz ola bilər. Ola bilsin, keçmiş sevgilinizlə hələ də dostluq edirsiniz və ya hər dəfə ümidsizliyə qapıldığınızda onun yanına qayıdırsınız. Nə qədər ki, keçmişlə bağlarınızı qırmamısınız, sağlam münasibət qurmağınız çətin olacaq.
Keçmiş münasibətlə bağlı xatirələr və yeni pərəstişkarınızı keçmiş sevgilinizlə müqayisə etməyiniz qarşınızda duran növbəti maneələrdən biridir. Keçmiş münasibətinizdə hər şey bu qədər ideal olsaydı, o münasibət hələ də davam edərdi. Buna görə də, keçmişdə qalmış münasibətlə gələcəyinizi qaraltmamaq sizin üçün daha yaxşı olar. Qoy həmin münasibət sizin üçün sadəcə yeni arzuolunan tərəfdaşınızla səhvlərinizi təkrarlamamağınıza xidmət edən bir təcrübə olsun.
İş
Günün 8 saatını işləyirsinizsə, evə gəldiyinizdə işlə bağlı hansısa məsələləri araşdırırsınızsa, istirahət günlərində isə növbəti iş həftəsini planlaşdırmaqla məşğul olursunuzsa, hələ də tənha olmağınızın səbəbini başqa yerdə axtarmağa ehtiyac yoxdur. Həyatınız bu dərəcədə işə həsr etdiyiniz halda kiminləsə tanış olmaq və münasibət qurmaq çox çətindir.
Hətta kiminləsə tanış olsanız belə, o, bütün həyatını yalnız işinə həsr edən bir qadınla birlikdə olmağı istəməyə bilər. Siz öz həyatınıza yenidən nəzər salmalı və əlavə məşğuliyyətlər üçün vaxt ayırmalısınız. Yeni xobbi ilə məşğul olmaq, hansısa kursa yazılmaq olar. Ola bilsin ki, bu, yeni insanlarla tanış olmağınız üçün əla fürsət ola bilər və həmin insanlar arasında, nəhayət, öz xoşbəxtliyinizi tapa bilərsiniz.
Şəxsi qulluq
Biz hamımız qarşılaşdığımız insanların xarici görünüşünə əhəmiyyət veririk. Gözəllik və yaraşıq səthi olsa da, şəxsi qulluq və təmizlik səthi anlayışlar deyil. Bundan başqa, siz yalnız başqalarını cəlb etmək üçün yox, həm də özünüzü yaxşı hiss etməyiniz üçün baxımlı olmalısınız.
Əgər "Tələsirəm", "Onsuz da uzağa getmirəm" kimi bəhanələrlə özünüzə haqq qazandıraraq, səliqəsiz görünüşdə küçəyə çıxsanız, görünüşünüzdən məmnun olmadığınız üçün özünüzü inamlı hiss etməyəcəksiniz, həmçinin bu, sizin potensial pərəstişkarlarınızın sayını azaldacaq. Heç nəyə baxmayaraq, hər zaman baxımlı görünməyə çalışın və hətta yaxınlıqdakı ərzaq mağazasına düşərkən belə özünüzü qaydaya salın. Axı gələcək taleyinizlə nə vaxt rastlaşacağınızı heç kim bilmir.
Yüksək gözləntilər
İdeal sevgi münasibətləri və öz tərəfdaşında görmək istədiyi müəyyən keyfiyyətlərlə bağlı hər kəsin öz təsəvvürü ola bilər. Lakin, realist olmaq da lazımdır. Heç kim ideal deyil və hər kəsin özünə görə problemləri, çatışmazlıqları və səhvləri ola bilər.
Bundan başqa, real həyatda münasibətlər filmlərdə gördüyümüz və romanlarda oxuduğumuz kimi deyil. Mükəmməl bir insana ilk baxışdan vurulmağınızı, həddən artıq romantik münasibətlər yaşamağınızı gözləmək sizə yalnız məyusluq gətirə bilər. Axı siz özünüz də ideal deyilsiniz və bəlkə də, yaxşı bir insanın həyatınıza girməsi üçün ona şans verməyə dəyər.
Yalnış seçimlər
Əgər həyatınızda çoxdan bəyəndiyiniz, lakin sevgi etirafı edə bilmədiyiniz və ya qarşılıq ala bilmədiyiniz bir insan varsa, böyük ehtimalla, sizin uzun müddətdir tənha olmağınızın səbəbi məhz budur. Əgər bəyəndiyiniz insanla heç nə alınmırsa, demək, bu, düzgün seçim deyil. Fikrinizi həmin insanın üzərində cəmləşdirməklə, siz sadəcə sizi əhatə edən yaxşı imkanları nəzərdən qaçırırsınız. Ümidsiz münasibətlərdə ilişib qalmaq əvəzinə bir ətrafınıza nəzər salın.
Neqativ münasibət
Heç kim hər şeyə neqativ yanaşan insanla həyatınız yaşamaq istəməz. Əgər adətən hər şeyi tənqid edirsinizə, heç nəyi bəyənmirsinizsə, daim nədənsə şikayət edirsinizsə, təbii ki, tanışlıqlarınızın birinci görüşdə bitməsi təəccüblü deyil. Hər şeydən əvvəl, həyata münasibətinizi dəyişməlisiniz. Özünüz nə qədər pozitiv olsanız, bir o qədər çox pozitiv hadisələri həyatınıza cəlb edərsiniz.
Psixologiya bölməsində digər yazılar >>