Meyvə qurusundan faydalı konfetlər
Meyvələr qurudularkən bütün vitamin və minerallarını saxladığı üçün tam vitamin kompleksini əvəz edə bilir, eləcə də sizi faydalı təbii şəkərlə təmin edir. Buna görə də, meyvə qurularından konfetlər zərərli süni şəkər ehtiva edən digər konfet və şirniyyatın faydalı alternativi hesab olunur.
Tərkibi:
qara qaysı qurusu - 200 q
qara gavalı qurusu - 200 q
qara kişmiş - 200 q
qoz - 200 q
limon - 1 əd.
bal - 3 xör. q.
Hazırlanışı:
Meyvə qurularının üzərinə qaynar su əlavə edilərək bir neçə dəqiqə saxladıqdan sonra yuyularaq suyu süzülür. Sonra ətçəkən maşından keçirilir və ya blenderdə xırdalanır.
Qozun yarısı rahat üsulla doğranaraq (bıçaqla doğramaq olar) meyvə qurularına əlavə edilir. Qozun qalan hissəsi blenderdə üyüdülərək kənara qoyulur.
Bir limonun suyu sıxılaraq meyvə qurularından və qozdan ibarət qarışıma əlavə edilir.
Əldə edilmiş kütləyə 3 xörək qaşığı bal əlavə edilərək, yaxşıca qarışdırılır.
Əldə etdiyimiz qatı kütlədən kürəciklər düzəldərək hərtərəfli şəkildə üyüdülmüş qoza batırılı (bəziləri kürəcikləri əridilmiş şokolada batırırlar, lakin bu, onların tərkibində bol miqdarda olan dəmirin mənimsənməsinə mane ola bilər). Faydalı kürəciklər soyuducuda saxlanılır.
Meyvə qurularından düzəldilmiş faydalı konfetləri böyüklər gündə 3-4 ədəd yeyə bilərlər. Dəmirin mənimsənməsinin qarşısını almamaq üçün qara çayla içmək məsləhət deyil.
...Nuş olsun.