Təbii dəri cüzdanı təmizləməyin qaydası

[читать на русском]

Təbii dəri cüzdanı təmizləməyin qaydası

Dəri aksesuarlara keyfiyyətinə, təbiiliyinə və davamlılığına görə üstünlük verilir. Xüsusilə dəri ayaqqabılar, çantalar və cüzdanlar, demək olar ki, hər gün istifadə olunur.

Gündəlik istifadə nəticəsində cüzdan çirklənir. Belə bir dəri aksessuar son dərəcə səliqəsiz görünür. Ləkələri təmizləmək və dəri pulqabını öz əlinizlə səliqəyə salmaq çətin deyil.

Təbii dəri cüzdanı düzgün təmizləməyin qaydası

Prosedura başlamazdan əvvəl pul kisəsindən əskinaslar, kartlar, fotoşəkillər və digər əşyalar çıxarılır. Cüzdanın hər bölməsini açın və silkələyərək, yığılmış zir-zibili təmizləyin.

Mürəkkəbli qələm ləkələri varsa, onları təmizləmək üçün spirt tərkibli bir məhluldan, adi spirt və ya odekolondan istifadə edə bilərsiniz. Məhlulu az miqdarda pambıq və ya pambıq parça üzərinə tökməklə mürəkkəb ləkəsini silin. Pambıq çirkləndikcə onu təzələyin. Həmin məhlulla dəri əşyanın üzərini də təmizləmək olar.

Yağlanmış hissələri təmizləmək üçün qabyuyan vasitədən istifadə etmək olar. Nəm pambıq parçasının üzərinə bir neçə damcı qabyuyan maye tökün, sıxın və çirklənmiş səthi silin. Yeni pambıq parçasını isti suda isladıb sıxın və lazımi yeri silin. Yağlı hissələri təmizləmək üçün bu addımları bir neçə dəfə təkrarlamağınız lazım ola bilər. Bundan sonra cüzdanı quru bezlə və ya kağız salfetlə qurulayın.

Təbii dəridən hazırlanmış cüzdanı təmizləməyin bir neçə sirri

- zamşa aksesuarlar ammonyak əlavə edilmiş sabunlu su ilə yaxşı təmizlənir. Belə məhlul çirkli xovun öhdəsindən yaxşı gəlir. Təmizləyərkən parçanı və ya pambığı yaxşıca sıxın. Dərin kir limon suyu əlavə edilmiş su və ya pozanla təmizlənir;

- qəhvəyi dəri, üyüdülmüş qəhvə ilə təmizlənə bilər. Bunun üçün üyüdülmüş qəhvə ilıq su ilə qarışdırılaraq sıyıq halına gətirilir. Alınmış qəhvə pastası ilə cüzdanı silin. Səth quruduqdan sonra qəhvə qalıqlarını yumşaq fırça ilə təmizləyin;

- dəri səthi yumşaltmaq üçün hər aptekdə tapılan qliserin və ya gənəgərçək yağından istifadə olunur;

- laklı dəridən hazırlanmış məmulatlar quru yun və ya flanel parça ilə silinir. Belə əşyaları islatmaq olmaz;

- bahalı dəri əşyanı qızdırıcının üzərində qurutmaq olmaz, yüksək temperatur nəticəsində təbii dəri deformasiyaya uğrayacaq.

Təbii dəri aksessuarın daha gec çirklənməsi üçün nə etmək olar?

Dəri aksessuarınızın yağ, toz və nəmə daha az məruz qalması üçün dəri səthlər xüsusi aerozolla emal olunmalıdır. Belə xüsusi vasitələr rəngin saxlanmasını təmin etməklə yanaşı, dərini aşınmadan qoruyur.

Nəzərə alın ki, istənilən vasitəni cüzdanın bütün səthinə tətbiq etməzdən əvvəl, görünməyən bir hissəsinə tətbiq edərək sınaqdan keçirmək lazımdır.


Kimyasız EVİM bölməsində digər yazılar >>