Zərərsiz təbii vasitələrlə mətbəx təmizliyi

[читать на русском]

Zərərsiz təbii vasitələrlə mətbəx təmizliyi

Yediyimiz bütün qidalar məhz mətbəxdə hazırlanır. Buna görə də yediyimiz qidanın gigiyenası birbaşa mətbəxdə gigiyena qaydalarına nə dərəcədə əməl edilməsindən asılıdır. Demək, mətbəx təmizliyi sağlam qidalanmanın əsas şərlərindən biridir.

Beləliklə, hazır zərərli, kimyəvi tərkibli vasitələrdən istifadə etmədən, təbii məhsulları tətbiq etməklə mətbəxdə təmizliyi saxlamaq üçün bir neçə praktik üsulları xatırlayaq.

Çaydanın ərpdən təmizlənməsi

Çaydanda dəfələrlə su qaynadılması və daim içində su saxlanması nəticəsində çox vaxt çaydanın daxili səthi ərplə örtülür. Çaydanı ərpdən təmizləmək üçün çay sodası və sirkə köməyimizə gəlir.

Bunun üçün çaydanı su ilə doldururuq, qaynadırıq, 1 litr suya 2-2,5 xörək qaşığı nisbətində çay sodası əlavə edirik və 30-40 dəq qaynatmağa davam edirik. Bundan sonra suyu boşaldırıq, çaydanı təmiz su ilə dolduraraq 4 litr suya yarım stəkan nisbətində sirkə əlavə edirik və 20 dəq qaynadırıq. Bu prosedurlardan sonra boşalmış ərp qatını çaydanın divarlarından asanlıqla təmizləmək olar. Çaydanı ərpdən təmizlədikdən sonra dəfələrlə isti su ilə yumaq lazımdır.

Bəzən də dəm çaydanının içindən kif qoxusunu təmizləmək çətinlik yaradır. Bu qoxudan qurtulmaq üçün yaxşı yuyulmuş dəm çaydanının içinə bir parça qənd qoymaq lazımdır. Bir neçə saatdan sonra pis qoxu yox olacaq.

Qab-qacağın ağartmaq üçün

Bəzi qablar uzun müddət istifadə nəticəsində qaralır. Buna görə də bilmək lazımdır ki, saxsı qabları ağartmaq üçün çay sodasını (və ya duzu) və sirkəni suda həll etməklə tətbiq etmək olar.

Paslanmaz poladdan olan çəngəl, bıçaq, qaşıqları isə karof qaynadılmış suda cəmi 10-15 dəq saxlamaqla parlatmaq olar.

Həmçinin bilmək faydalıdır ki,...

Soğan, sarımsaq, balıq təmizlədikdən sonra əldə qalan pis qoxudan qurtulmaq üçün əlləri zəif sirkə məhlulu ilə sürtdükdən sonra yumaq lazımdır.

Çörəyin, qəndin və digər qida məhsullarının ətrafına toplaşan qarışqalardan qurtulmaq üçün həmin yerlərə sarımsaq sürtmək lazımdır.


Kimyasız EVİM bölməsində digər yazılar >>