Güvəyə qarşı təbii vasitələr

[читать на русском]

Güvəyə qarşı təbii vasitələr

Güvə dedikdə, ilk növbədə, dolablarımıza girərək yun sviterlərimizi, palto və xəzlərimizi və digər geyimlərimizi korlayan uçan həşəratlar ağlımıza gəlir. Halbuki, güvənin bir çox növü vardır. Geyimlə qidalanan güvədən başqa, kitab rəflərində, eləcə də mətbəx dolablarında yaşayan və ordakı quru qida məhsulları ilə qidalanan və s. növ güvələr də vardır.

Güvəyə qarşı müvarizə üçün hamıya məlum olan vasitə naftalindir. Lakin naftalin əşyalarımızı güvədən qorumaq üçün istifadə edəcəyimiz son vasitə olmalıdır. Çünki tərkibində zəhərli maddələr olduğuna görə naftalin sağamlıq üçün zərərlidir.

Özümüzün və ailə üzvlərimizin sağlamlığına görə naraha olmadan istifadə edə biləcəyimiz güvəyə qarşı daha zərərsiz və təbii vasitələr vardır.

Güvəyə qarşı təbii vasitələr

Qoxusu güvəyə xoş olmayan təbii vasitələr, məsələn, qara zirə toxumları, adi zirə, darçın, lavanda, rozmarin, kəklikotu, dəfnə yarpağı, sidr ağacının kəpəyi, dağ tərxunu, limon, kamfora və s. istifadə etməklə əşyaları güvədən qorumaq olar.

Yuxarıda göstərilən təbii vasitələrdən istənilən birini tənzif kisəciklərə qoyaraq, geyim dolabının bir neçə yerində yerləşdirmək olar.

Lavanda qoxusunu yalnız güvələr deyil, digər həşəratlar, eləcə də ağcaqanadlar da sevmir. Qurudulmuş lavanda yarpaqları doldurulmuş kisəciklərə bir neçə damcı lavanda yağı damızdırmaqla təsiri gücləndirmək olar.

Limon yalnız evdə təmizliyi təmin etmək üçün deyil, həm də həşəratlarla mübarizədə effektivdir. Limon qabığını sürtkəcdən keçirərək kiçik kisəciklərdə dolaba qoysanız dolablarınıza heç bir güvə yaxınlaşmayacaq. Sadəcə qurudulmuş limon qabığını da dolabın müxtəlif yerlərinə qoymaq olar.

Güvəyə qarşı effektiv vasitələrdən biri sabun qoxusudur. Təbii sabun seçməyə çalışın. Sabunu sürtkəcdən keçirərək tənzif kisəciklərə doldurmaq və ya sadəcə geyimlərin arasına, xüsusən yun geyimlərin yanına qoymaq olar.

Güvədən qorunmanın əsas qaydalarından biri geyimlərin və digər yun əşyaların günəşin altında havalandırılması və qapalı germetik yerləşdirilməsidir.

Yun geyimdə güvə yumurtalarını necə məhv etmək olar?

Yun sviterlərinizdə güvə yumurtalarının olduğundan şübhələnirsinizsə, yun geyimi sellofan paketə qoyaraq müəyyən müddət soyuducunun dondurucu gözündə saxlayın. Beləliklə, bütün güvə yumurtaları məhv olacaq.

Xalçaları təbii vasitələrlə güvədən necə qorumaq olar?

Xalçaları güvədən qorumaq üçün onları saxlama məqsədilə bükməzdən əvvəl xalçanın üzərinə yuxarıda qeyd edilən təbii vasitələrdən istənilən birini səpmək olar.

Bundan başqa, xalçaları saxlama üçün yığışdırarkən qəzetə büksəniz onlara heç bir güvə yaxınlaşmaz. Çünki güvələr qəzet qoxusunu sevmir. Lakin, bununla belə, bu, tamamilə təhlükəsiz üsul hesab oluna bilməz, çünki qəzetlərdə istifadə olunan mürəkkəb təbii deyil.

Həmçinin xalçaları skipidarda isladılmış para ilə silməklə həm təmizləmək, həm də güvə yumurtalarından xilas olmaq olar.

Beləliklə, güvəyə qarşı bu qədər təbii vasitə olduğu halda, zərəli kimkəvi vasitələrə üstünlük vermək heç də məqsədəuyğun deyil.

Təbiətdə hər şeyin çarəsi vardır və bizim öhdəmizə düşən yalnız onlardan istifadə etməklə sağlamlığımızın xeyrinə seçim etməkdir.


Kimyasız EVİM bölməsində digər yazılar >>