İnternet asılılığından necə qurtulmaq olar?

[читать на русском]

İnternet asılılığından necə qurtulmaq olar?

Günümüzdə internetin və texnologiyanın həyatımızın bütün sahələrinə nüfuz etməsi gündəlik həyatımızı olduqca asanlaşdırır. Lakin bəzi hallarda internetin mənfi tərəfləri artıq onun müsbət tərəflərinə üstün gəlir. Ən böyük problem internetdən asılılıq problemidir.

İnternet asılılığı nədir?

Texnologiya və internet asılılığı - internet və texnoloji cihazlara nəzarətin itirilməsi, onlarla həddən artıq zaman keçirilməsi, onların fiziki və psixoloji problemlərə səbəb olması, həmin cihazlar olmadığı zaman boşluq və ya köməksizlik hissinin keçirilməsidir.

Texnologiya və internet asılılığının əlamətləri:

- Kompüter arxasında, planşet və ya telefonla həddən çox vaxt keçirmək
- Şəxsi ünsiyyətdən qaçmaq və bunun əvəzinə sosial şəbəkələr vasitəsilə ünsiyyətə üstünlük vermək
- Gecənin gec saatlarına qədər həmin cihazlardan əl çəkməmək
- Telefondan, kompüterdən və s. ayrılmamaq xatirinə qidadan imtina etmək və ya qida rejimini pozmaq
- Yuxu rejimini pozmaq
- Telefonun yanında olmayanda boşluq hissi keçirmək və vaxtını necə keçirəcəyini bilməmək
- Kompüter və ya telefonla həddən çox vaxt keçirmənin fiziki şikayətlərə gətirib çıxarması.
- Texnoloji cihazları fiziki aktivlikdən üstün tutmaq.

Aşağıdakı tövsiyyələrə əməl etməklə böyüklər texnologiya asılılığından qurtula bilərlər:

İnternetdə çox vaxt keçirdiyinizi anlayan kimi dayanın.
Hər gün internetdə keçirdiyiniz vaxtın qeydiyyatını aparın və buna nəzarət edin.
Texnoloji cihazlarla keçirdiyiniz vaxtı minimuma endirin və onları yalnız iş üçün istifadə edin.
Bütün boş vaxtınızı internetə sərf etmək əvəzinə, əyləncə və istirahət üçün özünüzə başqa proqramlar qurun.

Bəs uşaqların və yeniyetmələrin internet asılılığının qarşısını necə almaq olar?

Hər şeydən əvvəl, kompüter və planşetlərdə təhlükəsiz şərait yaratmaq lazımdır.
Uşağın sosial şəbəkələrdə dostları varsa, onları siz də mütləq tanımalısınız.
Uşağın internetdə keçirdiyi vaxta nəzarət edin və ona müəyyən vaxt məhdudiyyəti qoyun.
Onun yoldaşları ilə vaxt keçirməsi üçün proqramlar hazırlamaqla sosial mühitdə vaxt keçirməsini təmin edin.
Uşaq ağlayanda və ya nə ilə məşğul olacağını bilməyəndə ona kompüteri, planşeti, telefonu və ya televizoru təklif etməyin.

İnternetdən və texnoloji cihazlardan istifadə üçün tövsiyə olunan vaxt məhdudiyyəti:

Məktəbəqədər yaş dövrü: gündə 30 dəqiqə
İbtidai sinif şagirdləri: gündə 45 dəqiqə
Orta sinif şagirdləri: gündə 1 saat
Yuxarı sinif şagirdləri: gündə 2 saat

İnternetdən düzgün və özünüz üçün faydalı şəkildə istifadə etməyə çalışın. İlk növbədə biz böyüklər texnologiya asılılığından qurtulmalıyıq. Unutmayın ki, biz öz uşaqlarımız üçün davranış nümunəsiyik.

Psixologiya bölməsində digər yazılar >>