Tomat pastasının kiflənməməsi üçün nə etmək lazımdır?

Tomat pastasının kiflənməməsi üçün nə etmək lazımdır?

Tomat pastası, demək olar ki, hər kəsin soyuducusunda olan qida məhsuludur. Lakin aşağı temperaturda saxlansa da, tərkibində nəm olduğu üçün tomat pastası, xüsusilə mağazadan alınanlar (evdə hazırlanmamış) çox vaxt kiflənmə nəticəsində vaxtından əvvəl xarab olur. Yalnız düzgün saxlama üsulunu tətbiq etməklə tomat pastasının kiflənməsinin qarşısını almaq və məhsulun yararlılıq müddətini uzatmaq olar.

Tomat pastası mağazalarda dəmir və ya şüşə bankalarda satılır. Şüşə bankada satılanlara üstünlük verməyiniz məsləhətdir. Əgər, yenə də, dəmir bankada tomat pastası alsanız, onu mütləq şüşə qaba boşaltdıqdan sonra evdə soyuducuda saxlamağınız tövsiyə olunur.

Bundan başqa, tomat pastası alarkən daha kiçik bankalara üstünlük versəniz, açılmış bankanı uzun müddət saxlamağınıza ehtiyac olmaz, bununla da məhsulun uzun müddət soyuducuda qalaraq kiflənməsi üçün şərait yaratmamış olarsınız.

Beləliklə, tomat pastasının kiflənməməsi üçün nə etmək lazımdır?

Tomat pastasının kiflənməsinin qarşısını almaq üçün ən rahat və effektiv üsul şüşə qabda saxlanan tomat pastasının üzərinə bitki yağı (xüsusən təbii zeytun yağı) tökməkdir. Pastanın üzərini örtən bitki yağı soyuducuda donaraq, havanın qarşısını almaqla tomat pastasını kiflənmədən qoruyacaq.

Digər tövsiyə olunan üsul belədir: 1 kq tomat pastasını qazanda 1 stəkan bitki yağı ilə zəif od üzərində qaynadın. Qaynadıqdan sonra 1 xörək qaşığı iri duz əlavə edib qarışdırmaq lazımdır. Bundan sonra tomat pastasını təmiz şüşə qaba tökərək, qapağı bağlı vəziyyətdə soyuducuda saxlayın. Lakin bu cür saxlanan tomat pastasını yeməklərinizdə istifadə edərkən onun tərkibinə artıq duz əlavə etdiyinizi unutmayın.

Əgər saxlamaq istədiyiniz tomat pastasının miqdarı lap çoxdursa və siz onun bir qismini hələ yaxın zamanlarda istifadə etməyi düşünmürsünüzsə, tomat pastasının bir qismini ayrıca bankaya boşaldın və üzərinə əridilmiş bərk yağ tökün. Yağ pastanın üzərində donaraq havanın qarşısını alacaq və tomat pastasını kiflənmədən qoruyacaq.

Tomat pastasının kiflənməsinin qarşısını almaq üçün başqa bir üsul pastanın kub formasında buz qəliblərində dondurulmasıdır. Bu cür dondurulmuş kubları selofan paketə tökərək, soyuducunun dondurucu kamerasında saxlayın. Ehtiyac olduqca asanlıqla lazım olan miqdarda tomat pastası götürüb yeməklərinizdə istifadə edə bilərəsiniz.

Beləliklə, yuxarıda sadalanan üsullardan sizin üçün ən uyğun olanını istifadə etməklə, tomat pastanızı kiflənmədən və korlanmadan qoruyaraq, onun istifadə müddətini uzada bilərsiniz.



Şəfa mənbəyi qidalar >>




Saytdakı yeniliklərdən xəbərdar olmaq üçün bizi İnstagramFacebookda izləyin