Probiotik nədir və orqanizmimizə hansı faydaları var?

[читать на русском]

Probiotik nədir və orqanizmimizə hansı faydaları var?

Mütəxəssislərin sağlamlıq haqqında söhbətlərini dinləyərkən tez-tez probiotiklərin sağlamlığımızın üçün faydalı olduğunu eşidirik. Bəs probiotiklərin nə olduğunu bilirikmi?

Probiotiklər - orqanizmimizdə çoxlu sayda mövcud olan və sağlamlığımıza müsbət təsir gösərən mikroorqanizmlərdir. Probiotiklər hər bir insanın bağırsaqlarında anadan olduğu gündən mövcud olur. Lakin onları qidaya əlavə şəklində xaricdən də qəbul etmək olar. Bu faydalı mikroorqanizmlərorqanizmdə zərərli mikroorqanizmlərlə mübarizə aparır.

Probiotiklərin çatışmazlığı nələrə səbəb olur?

Bağırsaqlarda probiotiklərin miqdarı müxtəlif səbəblərdən zamanla azala bilər. Bu səbəblərə atmosfer kirliliyi, ətraf mühitin mənfi təsirləri, qeyri-düzgün qidalanma, antibiotiklərin istifadəsi, stress və s. aiddir.

Probiotiklərin sayının azalması ishal, qəbizlik, köp, qarında ağrılar, uroloji və genital infeksiyalar, müxtəlif allergik vəziyyətlər və s. arzuolunmaz hallarla özünü göstərə bilər.

Bundan başqa, bağırsaqlarımızda meydana çıxan istənilən problemlər bütün orqanizmdə müxtəlif patologiyalara gətirib çıxarır. Buna görə də, hər zaman ilk növbədə bağırsaqlarımızın sağlamlığının qeydinə qalmalıyıq.

Probiotiklərin tətbiq sahələri

Probiotiklər yallnız həzm sistemi ilə bağlı deyil, eyni zamanda, onlar tənəffüs sistemi problemlərində, sidik yollarında və cinsi yollarda infeksiyalar zamanı, qida allergiyasının qarşısının alınması, eləcə də həzm sisteminin və immun sistemin qaydaya salınması üçün yardımçı olur.

Probiotiklər təkbaşına təsir göstərə bilərmi?

Xaricdən qəbul etdiyimiz probiotiklərin orqanizmimizdə yaşaya bilməsi üçün, ilk növbədə, onlar heç bir təsirə məruz qalmadan və miqdarı azalmadan həzm sistemindən keçə bilməlidirlər. Bağırsaqlara çatdıqda isə onlar fəaliyyətlərini davam etdirə bilmək üçün zəruri qida ilə təmin olunmalıdır. Buna görə də, qəbul etdiyimiz probiotik əlavələrinin yaxşı qoruyucu təbəqəsi olmaqla yanaşı, probiotiklər üçün qida rolunu oynayan prebiotikləri də ehtiva etməlidir.

Prebiotiklər və probiotiklər fizioloji funksional qida qrupuna aid edilir. Prebiotiklər bağırsaqlarımızdakı faydalı bakteriyaları qidalandırmaqla, bağırsaqların sağlamlığını qoruyub saxlayır. Prebiotiklərin bağırsaqda fermentasiyası mineralların, məsələn, kalsiumun yaxşı mənimsənməsinə yardımçı olur.

Aparılmış tədqiqatlar göstərir ki, optimal nəticəyə nail olmaq üçün, orqanizmin müxtəlif problemlərini aradan qaldırmaq məqsədilə müvafiq probiotikin və ya onların kombinasiyasının istifadə edilməsi tələb olunur.

Sağlamlıq bölməsində digər yazılar >>