Övladımızla düzgün münasibəti necə quraq?

[читать на русском]

Övladımızla düzgün münasibəti necə quraq?

Bütün analar həmişə uşaqları ilə mehriban olmağı, münasibətlərinin qəzəb və göz yaşları olmadan sevgi, dostluq və anlaşma üzərində qurulmasını istəyir. Ancaq təəssüf ki, uşaq südünü dağıtsa, nəyisə korlasa və ya papağını qoymağı unutsa ... ana özünü saxlaya bilməyib, var gücü ilə qışqırır. Sonra isə, əksər hallarda, balacanı boş yerə incitdiyinə görə özünü günahkar hiss etməyə başlayır. Ən pisi odur ki, gələcəkdə ana uşaq tərəfindən özünə qarşı aqressiv münasibət və inadkarlıqla üzləşirlər.

Növbəti dəfə səsinizi qaldırmazdan əvvəl bir düşünün: Biz niyə qışqırırıq?

"Çünki uşağın sözümüzə baxmaması bizi özümüzdən çıxarır". Belə anlarda qəzəbimizi idarə etmək və qışqırmaqdan çəkinmək üçün bir əsas məqamı başa düşməli və daim yadda saxlamalıyıq: eşidilmək üçün nə qədər yüksək səslə qışqırırıqsa, uşaq bizə bir o qədər az qulaq asır.

Ona görə də uşaqların üsünə qışqırmamaq üçün, müəyyən məqamlarda qəzəbimizi idarə etməyi öyrənməli, onlara sakit tonda danışdığımız zaman bizi dinləmələrini öyrətməliyik.

Uşaqlarına "bağıran" analar üçün 10 qızıl qayda

1. İşlərinizi qabaqcadan planlaşdırın

Artıq evdən çıxmaq lazımdır, amma hələ heç kim hazır deyilsə, analar adətən təlaşa düşür, stress keçirir və hamını tələsdirmək üçün qışqırmağa başlayırlar. Buna görə də, məktəbə, idmana və ya hər həftə nənəgilə gedərkən hazırlaşmaq üçün strategiya hazırlamaq lazımdır.

Adətən problem onda olur ki, hər kəsə çoxlu vaxt sərf edilməlidir. Bu zaman bütün işləri çadırmaq mümkün olmur. Vaxtı idarə edə bilmək üçün özünüz uşaqlardan əvvəl hazırlamağa çalışın. Beləliklə, siz bəzənərkən və ya çantanızı hazırlamağa çalışarkən eyni zamanda uşaqların hazırlanmasına nəzarət etməli olmayacaqsınız. Prosesi sürətləndirmək üçün, xüsusən də bir neçə uşağınız varsa, hansı uşağa nə vaxt nə lazım olduğunu siyahı şəklində hazırlayın və yataq otağının qapısına asın (məsələn, "Çərşənbə: Ruslan idman kostyumunu və musiqi dəftərlərini hazırlamalıdır").

2. Uşağın imkanları xaricində olan şeylər tələb etməyin

Dörd yaşlı uşağa beş gün dalbadal otağını səliqəyə salmasını xatırlada bilərsiniz və altıncı gün o, "unudacaq". Sözə baxmadığına görə yox, cəmi dörd yaşı olduğuna görə. Buna görə də, bu halda qışqırmaq kömək etməyəcək, əksinə zərər verəcəkdir. Uşağınızın nəyin öhdəsindən gələ biləcəyini hamıdan yaxşı siz bilirsiniz. Buna görə də, tələbləriniz və gözləntiləriniz onun bacarıqları səviyyəsində və ya bir qədər artıq olmalıdır. Məsələn, bilirsiniz ki, dörd yaşlı uşaq hələ kitabları rəfə səliqəli şəkildə düzə bilmir, amma heç olmasa yerdən qaldıra bilər.

3. Diqqətinizi yayındırın

Mətbəxə girib yerə tökülən suyu və ya dağıdılmış unu görəndə özünüzdən çıxmağa başladığınızı hiss edirsiniz? Uşaqların üstünə qışqırmazdan əvvəl fikrinizi yayındırın. Bu cür vəziyyətlər üçün sakitləşdirici strategiya və üsullarınız olmalıdır: məsələn, şar şişirtmək və ya sevimli ailə fotosuna baxmaq və s., onların icrası yaranan qəzəbi boğmalı, özünə nəzarəti saxlamağa kömək etməlidir. Bunlar əsəbinizi soyudaraq özünüzə nəzarəti qoruyub saxlamağınıza yardımçı olar.

4. Yaxın təmas qurun

Pilləkənlərdən üzü yuxarı və həyətin bu başından o başına tez-tez qışqırırsınız? Uşaq bunu sadəcə vecinə almır və siz daha yüksək səslə qışqırırsınız. Əksər valideynlərə bu vəziyyət tanışdır: "Mən ona eyni şeyi 10 dəfə deyirəm, amma o, qulaq asmır!". Bunun səbəbi odur ki, uşaq sizin bağırtınızı eşitmək istəmir və qışqırıqlara reaksiya vermir. Əgər uşaq birinci dəfədən istədiyinizi etmirsə, ona yaxınlaşın, diqqətini sizə yönəldin, göz təması qurun və sərt, lakin nəvazişlə sözünüzü deyin.

5. Özünüz nümunə olun

10 yaşlı uşağınızın kiçik bacısının üstünə necə bağırdığını ilk dəfə eşitdiyiniz zaman (xüsusilə də sizinlə eyni söz və ifadələrdən istifadə edirsə) başa düşəcəksiniz: Uşaqlarınız ünsiyyət qurmağı ilk növbədə və daha çox sizdən öyrənirlər. Vaxt keçdikcə uşağınız sizinlə də sizin onunla danışdığınız şəkildə danışmağa başlayacaq. Uşağa dediklərinizi sakitcə özünüzə təkrarlamağa çalışın ("Nə istəyirsən?!") və sonra təsəvvür edin ki, uşaq eyni sözləri eyni şəkildə sizə desəydi, nə hiss edərdiniz. Buna görə də, uşağınızla hörmətli tonda və nəzakətli sözlərlə danışmağı daim özünüzə xatırladın.

6. Öz rolunuzu xatırlayın

Qışqırmağa əl atanda, avtoritetinizin bir hissəsini itirirsiniz. Qışqıran valideyn uşağın səviyyəsinə enir. Uşaqların üstünə qışqırmaqla onlardan hörmət tələb edə bilməzsiniz. Yalnız təmkinli və nəzarətçi davranışınızla məsuliyyətli bir insan kimi hörmətli davranışı təlqin edə bilərsiniz.

7. Həmişə təmkinli tonda danışın

Böyük ehtimalla, qəzəbli olmadıqda belə qışqıra bilərsiniz (məsələn, "Şam yeməyi hazırdır!"). Həmişə daha yumşaq və mehriban səslə danışmağı vərdiş halına gətirsəniz, digər hallarda da qışqırma ehtimalınız azalacaq. Bu üsulu sınayın: imkan daxilində, ailə üzvlərinizlə yalnız onlarla eyni otaqda olduğunuz zaman danışın.

8. Vaxtında xəbərdarlıq edin

Bəzən qışqırmaq istəyiniz güclü ola bilər. Emosiyalarınızın nəzarətdən çıxdığını hiss etdiyiniz zaman, uşaqları xəbərdar edin və əvvəlcə onların otaqdan çıxmasına imkan verin (Bu, məktəbəqədər yaşdan böyük uşaqlara aiddir). Bu, onlara öz sözləri və hərəkətlərinə görə şəxsən məsuliyyət daşımağı öyrədəcək. Çünki bu davranış onlara hər kəsin zaman-zaman emosional partlaması ola biləcəyini, ancaq başqalarının hisslərinə hörmətlə yanaşmalı olduğumuzu bildirir.

9. Müəllim kimi düşünün

Yaxşı müəllimlər uşaqların pis davranışlarını şəxsi hörmətsizlik kimi qəbul etmir, əksinə bunu onlara yeni şeylər öyrətmək üçün bir fürsət kimi görürlər. Beləliklə, əgər uşaq boş dondurma qabını dondurucuda qoyursa və ya əşyalarını evin hər yerinə səpələyirsə, özünüzə sual verin: O, nəyi öyrənməlidir və mən bunu ona necə öyrədə bilərəm? Məsələn, bəlkə də, onun üçün soyuducunun qapısına müəyyən xatırlatma yazısı yapışdırmaq və ya sabahkı futbol oyunu üçün sevimli futbol formasını qəsdən itirməklə, beləcə ona dərs vermək tələb olunur.

10. Ətrafınızda insanların olduğunu təsəvvür edin

Pəncərələr açıq olduğu halda qışqırırsınızsa, çox ehtimal ki, bəzi insanlar bunu eşidir. Bəs müdiriniz, ən yaxşı dostunuz və ya nənəniz sizinlə eyni otaqda olsaydı nə edərdiniz? Onda qışqıracaqdınızmı? Biz çox vaxt sevdiklərimizlə adi tanışlarımızla davrandığımızdan daha pis davranırıq. Buna görə də dediklərinizin kənardan necə səsləndiyini təsəvvür etməklə, özünüzü daha gözəl insan kimi formalaşdırmağa çalışın.



İmmuniteti gücləndirən qida məhsulları

Uşağın beynini inkişaf etdirən qidalar



S a ğ l a m    n ə s i l  bölməsində digər yazılar >>